SOCAR-ın borc yükü 3 milyard manatı keçdi – TAM SİYAHI
Bu ilin əvvəlinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) borc öhdəlikləri 3 milyard 47 milyon manat təşkil edib.
Şirkətin maliyyə hesabatına əsasən, bu, ötən ilin əvvəlinə nisbətən 18,8 % çoxdur.
SOCAR-ın borc öhdəliklərinin 78,5 %-i və yaxud 2 milyard 391 milyard manatı Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qarşısındadır. Bu məbləğ illik müqayisədə 18,7 % azdır. ARDNF-dən vəsait illik 3,2–6 %-lə cəlb olunub və ödəniş müddəti 2032-cu ilin aprelin 30-na qədərdir.
Şirkətin digər əsas borc öhdəlikləri aşağıdakı kimidir:
- Maliyyə Nazirliyi - 270 milyon manat (+ 3 %). Borc illik 0,1-3,13 % ilə cəlb edilib və 2029-cu ilin dekabrın 15-nə qədər ödənilməlidir.
- "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) – 74 milyon manat (- 3,4 dəfə). Borc illik 4,5–4,8 % ilə cəlb edilib və 2026-cı ilin oktyabrın 11-nə qədər qaytarılmalıdır.
- "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC - 169 milyon manat (- 3,7 %) Borc illik 4 % ilə cəlb edilib, ödəniş müddəti 2027-ci ilin sonuna qədərdir.
- "Azərbaycan İnvestisiya Şirkəti" ASC - 65 milyon manat (+ 3,2 %). Borc illik 4 % ilə cəlb olunub və 2027-ci ilin sonuna qədər ödənilməlidir.
- "Aqrarkredit" QSC - 69 milyon manat (-1,4 %). Borc illikk 0,16 % ilə cəlb edilib və ödənişi 2041-ci il yanvarın 4-nə qədər davam edəcək.
Bundan başqa, ötən il SOCAR-ın "Azərbaycan Hava Yolları" QSC qarşısında borc öhdəliyi yaranıb. Aviaşirkət faizsiz 9 milyon manat borc verib. Borc 2028-ci ilin yanvarın 31-nə qədər ödənilməlidir.
SOCAR 1992-ci il sentyabrın 13-də ölkə Prezidentinin fərmanı ilə təsis edilib. Şirkət tam dövlətə məxsusdur və əsas fəaliyyəti neft, qaz və qaz kondensatının hasilatı, emalı, nəqli, həmçinin bu məhsulların daxili və xarici bazarlarda satışı ilə bağlıdır.


















