Büdcə xərcləri dollara tələbi necə dəyişir? - TƏHLİL
AMB sədri Taleh Kazımov dollar tələbinin azalmasını dövlət büdcə xərclərinin optimallaşdırılması və idxalın zəifləməsi ilə izah edir. Büdcə göstəriciləri bu fikrin müəyyən hissəsini təsdiqləyir. Doğrudan da, 2026-cı ilin ilk yarısında büdcə xərclərinin artım tempi 6,5%-dən 2,8%-ə enib, iqtisadi fəaliyyət və müdafiə istiqamətlərinə ayrılan vəsait azalıb. Bu isə idxal tutumu yüksək olan dövlət layihələrinin maliyyələşməsinin zəifləməsinə və nəticədə valyutaya tələbin azalmasına səbəb ola bilər.
Xərclərin strukturu necə dəyişib?
2026-cı ilin ilk yarısında dövlət büdcəsinin xərclərində ümumi artım tempi zəifləsə də, xərclərin strukturu nəzərəçarpacaq dərəcədə dəyişib. 2025-ci ilin yanvar-iyununda dövlət büdcəsinin xərcləri 17,10 milyard manat olduğu halda, 2026-cı ilin eyni dövründə bu göstərici 17,57 milyard manata yüksəlib. Beləliklə, dövlət xərcləri cəmi 475 milyon manat və ya təxminən 2,8% artıb. Bu artım ötən il qeydə alınan 6,5%-lik artımdan xeyli aşağıdır ki, bu da hökumətin daha ehtiyatlı fiskal siyasət yürütməyə başladığını göstərir.
Dövlət büdcəsinin funksional xərcləri necə dəyişib?
|
Xərc istiqaməti |
2025 I yarımil (mln ₼) |
2026 I yarımil (mln ₼) |
Dəyişmə (mln ₼) |
Dəyişmə (%) |
|
Ümumi dövlət xidmətləri |
2 163,7 |
2 339,5 |
+175,8 |
+8,1% |
|
Müdafiə və milli təhlükəsizlik |
3 850,1 |
3 437,4 |
-412,7 |
-10,7% |
|
Məhkəmə, hüquq-mühafizə və prokurorluq |
1 285,5 |
1 403,7 |
+118,2 |
+9,2% |
|
Təhsil |
2 472,6 |
2 400,1 |
-72,5 |
-2,9% |
|
Səhiyyə |
792,6 |
591,6 |
-201,0 |
-25,4% |
|
Sosial müdafiə və sosial təminat |
2 198,1 |
2 359,8 |
+161,7 |
+7,4% |
|
Mədəniyyət, idman və informasiya |
244,2 |
103,8 |
-140,4 |
-57,5% |
|
Mənzil-kommunal təsərrüfat |
88,5 |
217,9 |
+129,4 |
+146,2% |
|
Kənd təsərrüfatı |
588,8 |
527,3 |
-61,5 |
-10,4% |
|
Ətraf mühitin mühafizəsi |
122,9 |
147,0 |
+24,1 |
+19,6% |
|
İqtisadi fəaliyyət |
2 716,9 |
2 578,0 |
-138,9 |
-5,1% |
|
Əsas bölmələrə aid edilməyən xidmətlər |
571,7 |
669,4 |
+97,7 |
+17,1% |
Müdafiə xərcləri ilk dəfə azalır
Ən diqqətçəkən dəyişiklik müdafiə və milli təhlükəsizlik xərclərində müşahidə olunur. 2025-ci ilin ilk yarısında bu istiqamətə 3,85 milyard manat ayrıldığı halda, 2026-cı ildə bu məbləğ 3,44 milyard manata enib. Təxminən 413 milyon manatlıq və ya 10,7%-lik azalma göstərir ki, hökumət əvvəlki illərdə həyata keçirilən iri müdafiə layihələrindən sonra resursların bir hissəsini digər sahələrə yönəltməyə başlayıb.
Sosial xərclər artır
Sosial müdafiə və sosial təminat xərcləri 162 milyon manat artaraq 2,36 milyard manata çatıb. Bu artım pensiya, sosial müavinət və digər sosial ödənişlərin genişlənməsi ilə əlaqələndirilə bilər. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi fiskal siyasətin əsas istiqamətlərindən biri olaraq qalır.
Hüquq-mühafizə və dövlət idarəçiliyinə daha çox vəsait
Ümumi dövlət xidmətləri üzrə xərclər 8,1%, məhkəmə və hüquq-mühafizə sistemi üzrə isə 9,2% artıb. Bu, dövlət idarəçiliyinin maliyyələşdirilməsinin və hüquq-mühafizə sisteminin gücləndirilməsinin davam etdiyini göstərir.
Təhsil və səhiyyədə azalma diqqət çəkir
Təhsil xərcləri cüzi – 2,9% azalsa da, səhiyyədə azalma daha kəskindir. Bu istiqamətdə xərclər 201 milyon manat və ya 25,4% azalıb. Bu azalmanın mümkün səbəbləri sırasında COVID dövründən sonra səhiyyə sahəsində fövqəladə xərclərin azalması, bəzi investisiya layihələrinin tamamlanması, icbari tibbi sığorta sistemi vasitəsilə maliyyələşmənin daha geniş tətbiq olunması da önəmli eyr tutur.
Mənzil-kommunal təsərrüfat xərcləri rekord artıb
Ən yüksək artım məhz bu istiqamətdə qeydə alınıb. Xərclər 88,5 milyon manatdan 217,9 milyon manata yüksəlib. Bu, 146%-lik artım deməkdir. Bu dinamika böyük ehtimalla şəhər infrastrukturunun yenilənməsi, kommunal layihələr, azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin qurulması ilə bağlı investisiyaların artması ilə izah oluna bilər.
İqtisadi fəaliyyətə ayrılan vəsait azalır
İqtisadi fəaliyyət bölməsi üzrə xərclər 139 milyon manat azalıb. Bunun səbəbi 2025-ci ildə iri dövlət investisiya layihələrinin daha yüksək maliyyələşdirilməsi, 2026-cı ildə isə bəzi layihələrin başa çatması və ya maliyyələşmə tempinin aşağı salınması ola bilər.
Fiskal siyasət nə deyir?
2025-ci ildə dövlət büdcəsi daha çox kapital qoyuluşları və müdafiə xərclərinin artırılması ilə xarakterizə olunurdu. 2026-cı ilin ilk yarısında isə büdcə xərcləri daha balanslı görünür. Üç əsas tendensiya - müdafiə və iri investisiya layihələrinin çəkisinin azalması, sosial təminat, dövlət idarəçiliyi və hüquq-mühafizə xərclərinin payının artması, kommunal və şəhər infrastrukturu layihələrinin daha çox maliyyələşdirilməsi önə çıxır.
Beləliklə, büdcə xərclərinin optimallaşdırılması və idxalın azalması dollar tələbinə təsir edən amillərdəndir, amma mövcud şəraitdə ARDNF-nin valyuta təklifi, tədiyə balansı və AMB-nin pul siyasəti də eyni dərəcədə vacib rol oynayır.

















