Faiz dəhlizi dəyişməz qaldı – AMB inflyasiya proqnozunu yüksəltdi
Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasəti üzrə növbəti qərarını açıqlayıb. Qərara əsasən, faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb.
ENA.az xəbər verir ki, qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, həmçinin daxili maliyyə bazarında müşahidə olunan proseslər nəzərə alınıb.
AMB bildirib ki, inflyasiya proqnozunun yuxarı istiqamətdə yenilənməsi pul siyasətinin sərtləşdirilməsini zəruri etsə də, valyuta bazarında təklifin tələbi əhəmiyyətli dərəcədə üstələməsi yumşaq pul siyasətini dəstəkləyən əsas amillərdən biri olub. Bu iki amilin tarazlaşması faiz dəhlizinin parametrlərinin dəyişməz saxlanılmasına səbəb olub.
Məlumata görə, 2026-cı ilin iyun ayında illik inflyasiya 5,8%, baza inflyasiya isə 5,5% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1%, xidmətlər üzrə 5,6%, qeyri-qida məhsulları üzrə isə 3,8% olub.
Mərkəzi Bankın qiymətləndirməsinə əsasən, cari ilin ilk yarısında valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Mübadilə məntəqələrində müştərilərdən alınan nağd xarici valyutanın həcmi satışdan 482 milyon ABŞ dolları çox olub. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son bir ildə 25,6%-ə qədər azalıb.
Valyuta bazarında yaranmış profisit fonunda Mərkəzi Bank alışyönlü valyuta müdaxilələri həyata keçirib. Nəticədə AMB-nin valyuta ehtiyatları ilin əvvəlindən 2,2 milyard ABŞ dolları və ya 19,5% artaraq 13,8 milyard ABŞ dollarına çatıb.
Xarici sektor göstəricilərinin də əlverişli olaraq qaldığı qeyd edilir. Gömrük statistikasına görə, 2026-cı ilin ilk yarısında Azərbaycanın xarici ticarətində təxminən 8 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb. Pul baratları üzrə xalis daxilolmalar isə ötən ilin eyni dövrü ilə müqayisədə 82,8% artaraq 540,6 milyon ABŞ dolları olub.
AMB həmçinin 2026 və 2027-ci illər üzrə cari əməliyyatlar hesabının profisiti ilə bağlı proqnozunu artırıb. Buna səbəb kimi qlobal enerji qiymətlərinin yüksəlməsi və qeyri-neft ixracında müsbət dinamikanın davam etməsi göstərilib.
Pul bazarında qısamüddətli faizlər də Mərkəzi Bankın müəyyən etdiyi faiz dəhlizi daxilində formalaşır. AZIR üzrə orta gündəlik faiz may və iyun aylarında 6,43%, iyul ayında isə 6,39% olub. Bank sistemində struktur likvidlik profisiti isə ilk yarımilin sonunda 6 milyard manata çataraq ötən ilin sonu ilə müqayisədə 2,1 dəfə artıb.
Mərkəzi Bankın baza ssenarisinə görə, illik inflyasiyanın 2026-cı ilin sonunda 6,1%, 2027-ci ilin iyununda 6%, 2027-ci ilin sonunda isə 5,8% olacağı gözlənilir. Qurum hesab edir ki, inflyasiya 2027-ci ilin ikinci yarısından etibarən yenidən hədəf diapazonuna qayıdacaq.
AMB vurğulayıb ki, qarşıdakı dövrdə faiz dəhlizi ilə bağlı qərarlar inflyasiya proqnozları, makroiqtisadi göstəricilər, valyuta bazarındakı proseslər və bank sektorunda likvidliyin dinamikası nəzərə alınmaqla qəbul ediləcək.
Qeyd edək ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar 2026-cı il sentyabrın 23-də açıqlanacaq.


















