Neft ABŞ-da ehtiyatların azalması fonunda bahalaşıb (29.07.2026)
ABŞ-da xam neft ehtiyatlarının gözlənilmədən azalması dünya bazarında neft qiymətlərinin yenidən yüksəlməsinə səbəb olub. Bununla investorlar əvvəlki sessiyada qeydə alınan kəskin ucuzlaşmanın bir hissəsini kompensasiya ediblər.
ENA.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, Brent markalı neftin sentyabr fyuçersləri 3,2% bahalaşaraq bir barel üçün 86,80 ABŞ dollarına, WTI markalı ABŞ xam nefti isə 3,4% artaraq 81,95 ABŞ dollarına yüksəlib.
Bazar mənbələrinin Amerika Neft İnstitutu (API)-nun məlumatlarına istinadən bildirdiyinə görə, iyulun 24-də başa çatan həftədə ABŞ-ın xam neft ehtiyatları təxminən 3,3 milyon barel azalıb. Eyni dövrdə benzin ehtiyatları 918 min barel, distillat yanacaq ehtiyatları isə 355 min barel artıb. İnvestorlar gün ərzində açıqlanacaq ABŞ Enerji İnformasiya Administrasiyası (EIA)-nın rəsmi statistik məlumatlarını gözləyirlər.
Qiymətlərin yüksəlməsinə dəstək verən digər amil isə OPEC+ ölkələrinin könüllü hasilat məhdudiyyətləri çərçivəsində bazara qaytarılan həcmlərin prosesi başa çatdıqdan sonra, oktyabr ayından etibarən neft hasilatının artırılmasını üç ay müddətinə dayandırmağı nəzərdən keçirməsi ilə bağlı xəbərlər olub.
Xatırladaq ki, neft qiymətləri əvvəlki ticarət sessiyasında ABŞ və İran arasında gərginliyin diplomatik yollarla həll olunacağına dair gözləntilərin güclənməsi fonunda təxminən 5% ucuzlaşaraq son iki həftənin ən aşağı səviyyəsinə enmişdi. Hazırda bazarın əsas diqqəti ABŞ-İran danışıqlarının gedişinə və EIA-nın açıqlayacağı rəsmi ehtiyat göstəricilərinə yönəlib.

















