Əfqan Abbasov: "Ani ödənişlər sisteminin aylıq dövriyyəsi 1 milyard manatı keçir"
Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru Əfqan Abbasovun mediaya verdiyi müsahibəni təqdim edirik:
– İlk öncə hazırda aparılan işlər və planlar barədə danışaq, zəhmət olmasa.
– Mərkəzi Bank tərəfindən ödəniş sahəsinin inkişafı üzrə bir neçə tədbirlər və işlər aktiv şəkildə aparılmaqdadır. Bunlardan xüsusi olaraq ani ödənişlər sisteminin inkişafı ilə bağlı fəaliyyətimizi qeyd etmək istərdim. Mərkəzi Bank tərəfindən ani ödəniş sistemlərinin inkişafı üzrə sektor iştirakçıları ilə – banklar və fintexlərlə bir neçə işlər görülməkdədir. Bunlara: müştərilər arasında köçürmələr, "AzQR" ödənişləri, hökumət ödənişlərinin AÖS vasitəsilə icra olunması, hesablaşmaların AÖS vasitəsilə aparılması və sair istiqamətdə layihələr daxildir.
Nəticələrlə bağlı qeyd etmək istərdim ki, artıq ani ödənişlər sisteminin aylıq dövriyyəsi 1 milyard manatı keçir. Hansı ki, bu, bir il əvvəlki dövriyyə ilə müqayisədə 3 dəfədən çox artımdır.
Ani ödənişlər sisteminin inkişafı istiqamətində Mərkəzi Bank tərəfindən "AzQR" ödənişlərinin inkişaf etdirilməsi, fintexlərin qoşulması – fintexlərin birbaşa, dolayısı qoşulması – bu istiqamətdə aktiv işlər planlaşdırılmaqdadır. Eyni zamanda ani ödənişlər sisteminin elektron kommersiya ödənişlərində də istifadəsinin genişləndirilməsi planlaşdırılmaqdadır. Digər vacib hissələrdən birisi isə ani ödənişlər sistemi üzrə ölkəxarici inteqrasiyaların aparılması üzrədir.
– Mərkəzi Bankın fintex şirkətlərlə əsas fəaliyyət istiqamətləri, dəstək mexanizmi nələrdir?
– Qeyd etmək istərdim ki, artıq ani ödənişlər sisteminə qoşulma növləri formalaşdırılıb. Bunlardan birbaşa qoşulma, dolayısı qoşulma kimi növlər yaranıb və hazırda fintexlər tərəfindən də bu istiqamətdə müraciətlər daxil olub.
Hər bir qoşulmanın öz parametrləri, öz xüsusiyyətləri var və bunun əsasında fintexlər biznes modellərinə uyğun olaraq seçimlərini edirlər. Uyğun müvafiq inteqrasiyaları aparır, inteqrasiyaları tamamlayaraq əməliyyatlarını ani ödənişlər sistemi vasitəsilə həyata keçirə bilirlər. Bu isə fintexlərə nəticə etibarilə daha çevik olmaq imkanı yarada bilməkdədir.
– Siz qeyd elədiniz, rayonlarda bu ödəniş sistemləri demək olar ki yoxdur. Bunun üçün Mərkəzi Bank bankların qarşısında hansı tələbləri qoyub?
– Mərkəzi Bank ani ödənişlər sisteminin inkişafında bir hissə olaraq həmçinin QR ödənişlərinin, "AzQR" ödənişlərinin təşviqini aparır. Artıq emitent banklar tərəfindən bankların mobil tətbiqlərində "AzQR" ödənişlərinin edilmə imkanı yaradılıb. Bəzi fintexlər tərəfindən də bu imkanlar formalaşdırılıb və bu istiqamətdə işlər davam etdirilməkdədir.
Eyni zamanda, gündəlik həyatınızda artıq rastlaşırsınız, "AzQR"ın ödənişləri artıq böyük bir POS-terminal şəbəkəsində tətbiq edilir. Vətəndaşlarımız bu sistemi dəstəkləyən bankların və fintexlərin mobil tətbiqləri vasitəsilə "AzQR" ödənişlərini icra edə bilirlər.
Digər sevindirici xəbər artıq odur ki, bu ay üzrə "AzQR" ödənişləri 40 milyona yaxınlaşmışdır. Bu isə "AzQR" ödənişlərinin nə dərəcədə inkişaf tempində olduğunu göstərir. Bu göstəricini llik müqayisə etdikdə, 30 dəfədən çox artım deməkdir.
– Bu QR ödənişləri ölkəmizdə beynəlxalq kart təşkilatlarının bazar payını azaldırmı?
– "AzQR" ödənişləri alternativ olaraq təqdim olunur. Müştərilərin vərdişlərindən, seçimlərindən asılı olaraq istifadə olunur.
– Yəni siz bunu beynəlxalq kart təşkilatlarının ölkədəki bazar payının azalması kimi qiymətləndirmirsiniz?
– "AzQR" ödənişləri bizneslər, ekvayerlər üçün müəyyən üstünlüklər yaradır. Bunlar nələrdən ibarətdir? Komissiya xərcləri azalır, ödənişlərin hesablaşması dərhal icra olunur. Nəticə etibarilə "AzQR"ın tətbiqi mörçəntlər (merchant), təsərrüfat subyektləri və ekvayerlər üçün yeni bir imkanlar yaratmış olur. Çünki "AzQR" ödənişlərinin həm statik, həm də dinamik həlləri var və bu həlləri tətbiq edərək yeni bir ödəniş imkanlarının yaranmasına, yeni bir bazarın formalaşmasına öz müsbət töhfəsini vermiş olur.
– Bəs dövlət qurumlarının ödənişləri, elektron ticarətlə bağlı ki, "AzQR"a keçid istiqamətində işlər nə yerdədir və biz onu nə vaxt görəcəyik?
– Ani ödənişlər sisteminin təşviqi istiqamətlərindən də biri də hökumət ödəniş portalı vasitəsilə aparılmış ödənişlərin ani ödənişlər vasitəsilə icra edilməsidir. Hansı ki, Mərkəzi Bank da bu istiqamətdə çox aktiv işlər aparmaqdadır. Qeyd edim ki, bu istiqamətdə də 20 dəfədən çox bir artım müşahidə olunub. Nəticə etibarilə dövlət qurumlarının ödənişlərinin ani ödənişlər sistemi vasitəsilə edilməsi artıq müəyyən müddət sonra deyil, dərhal, anında icra edildiyi üçün xüsusi bir üstünlük yaradır.















