Rusiya benzin krizini azaltmaq üçün Qazaxıstana üz tutdu: 50 min ton benzin almaq istəyir
Rusiya benzin çatışmazlığını aradan qaldırmaq üçün Qazaxıstana üz tutub. Rusiya daxili bazarda yaranan benzin çatışmazlığını yumşaltmaq məqsədilə Qazaxıstanla təxminən 50 min ton Aİ-92 markalı benzinin alınması ilə bağlı danışıqlar aparır.
Reuters agentliyinin sənaye mənbələrinə istinadən yaydığı məlumata görə, tərəflər mümkün tədarük mexanizmlərini müzakirə edirlər. Bununla belə, ekspertlər qeyd edirlər ki, Qazaxıstanın benzin istehsal həcmləri nisbətən məhdud olduğundan Rusiya bu istiqamətdə böyük həcmdə idxala ümid edə bilməz.
Agentliyin Qazaxıstandakı mənbəsinin sözlərinə görə, Astana hazırda mövcud olan artıq benzin ehtiyatlarını Rusiyaya vermək imkanını nəzərdən keçirir. Əvəzində isə Qazaxıstanın Rusiyadan aviasiya yanacağı alması variantı müzakirə olunur.
Məlumat fonunda diqqət çəkən məqam ondan ibarətdir ki, dünyanın ən böyük neft istehsalçılarından biri olan Rusiyanın benzin idxalı ilə bağlı danışıqlara başlaması daxili bazarda yanacaq balansının qorunmasının getdikcə daha çətinləşdiyini göstərir.
Analitiklər hesab edirlər ki, Ukraynanın neft emalı zavodlarında törətdiyi yanğınlar, neft emalı zavodlarında aparılan təmir işləri, logistik problemlər və daxili tələbatın artması Rusiyada yanacaq bazarına təzyiq göstərən əsas amillər sırasındadır. Bu səbəbdən Moskva yaxın tərəfdaş ölkələrdən əlavə yanacaq tədarükü imkanlarını araşdırır.


















