Sənaye

Almaniya KNDS-də pay alır: tank istehsalçısının 40%-i dövlətin nəzarətinə keçir

Almaniya hökuməti Avropanın aparıcı müdafiə sənayesi şirkətlərindən biri olan KNDS-nin 40 %-lik səhmlər paketini satın almaq qərarına gəlib. Bu addım Avropada sürətlənən silahlanma yarışının və strateji texnologiyalar uğrunda rəqabətin fonunda atılır.

Almaniya Kansler Aparatının yaydığı məlumata görə, Berlin və Paris şirkətin idarə olunması və gələcək inkişaf strategiyası ilə bağlı ortaq razılığa gəliblər. Almaniya hökuməti sözügedən səhmləri əldə etməklə ölkənin milli təhlükəsizlik maraqlarını, texnoloji suverenliyini və müdafiə sənayesindəki mövqeyini gücləndirməyi hədəfləyir.

Açıqlamada qeyd olunub ki, tərəflər gələcəkdə şirkətin səhmdarlıq strukturunu mütəmadi olaraq nəzərdən keçirəcək. Razılaşmanın eyni zamanda KNDS-in gələcəkdə birjada yerləşdirilməsi üçün zəmin yarada biləcəyi də vurğulanıb.

Almaniya hökumətinin sözçüsü Stefan Kornelius bildirib ki, investisiya ölkədə sənaye əlavə dəyərinin artırılmasına, strateji texnologiyaların qorunmasına və təhlükəsizlik maraqlarının təmin olunmasına xidmət edəcək. Almaniyanın iqtisadiyyat və enerji naziri Katerina Rayxe isə qeyd edib ki, bundan sonra Almaniya və Fransa Avropanın müdafiə qabiliyyəti üçün mühüm əhəmiyyət daşıyan şirkətin inkişafı ilə bağlı qərarları bərabərhüquqlu şəkildə qəbul edəcəklər.

KNDS 2015-ci ildə Almaniyanın Krauss-Maffei Wegmann (KMW) və Fransanın dövlətə məxsus Nexter şirkətlərinin birləşməsi nəticəsində yaradılıb. Şirkət əsasən dünyada tanınan "Leopard" və "Boxer" döyüş platformalarının istehsalı ilə məşhurdur.

Hazırda KNDS-in səhmlərinin yarısı Fransa dövlətinə, digər yarısı isə Almaniyanın Wegmann ailəsinə məxsusdur. Məlumata görə, ailə holdinqi şirkətdən çıxmağı və gələcəkdə onu birjaya çıxarmağı planlaşdırır. Almaniya hökumətinin son aylarda bu payın əldə olunması üçün diplomatik və maliyyə səylər göstərdiyi bildirilir.

Ekspertlərin fikrincə, bu addım Avropa İttifaqının müdafiə sənayesində daha müstəqil və güclü mövqe tutmaq strategiyasının tərkib hissəsidir. Son illərdə geosiyasi risklərin artması fonunda Avropa ölkələri müdafiə sənayesinə investisiyaları sürətlə artırır və strateji şirkətlər üzərində dövlət nəzarətini gücləndirirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)