Azərbaycana pul köçürmələri 29% artıb
Bu ilin ilk rübündə Azərbaycana pul köçürmə sistemləri vasitəsilə 296,9 milyon ABŞ dolları daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 milyon dollar və ya 29,4 faiz çoxdur.
Bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə məlumat verib.
Onun sözlərinə görə, Azərbaycana ən çox pul köçürmələri Rusiyadan (110,8 milyon dollar), Türkiyədən (49,9 milyon dollar), İrlandiyadan (24,6 milyon dollar), ABŞdən (23,9 milyon dollar) və Birləşmiş Krallıqdan (10,5 milyon dollar) daxil olub.
S.Nəsirovun sözlərinə görə, hesabat dövründə Azərbaycandan xaricə köçürülmüş pul baratlarının həcmi 103,9 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 milyon dollar və ya 7,8 faiz azdır.
Azərbaycandan ən çox vəsait Türkiyəyə (28,2 milyon dollar), ABŞyə (16,2 milyon dollar), Rusiyaya (10,2 milyon dollar), Birləşmiş Krallıqa (6 milyon dollar) və Gürcüstana (5,6 milyon dollar) köçürülüb.


















