XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) beynəlxalq investisiya bölməsi olan XRG hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə həm respublika ərazisində, həm də beynəlxalq səviyyədə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini öyrənir.
Bu barədə XRG-dəki məlumatlı mənbə bildirib.
"Biz, demək olar ki, həm Azərbaycanda, həm də digər regionlarda birgə iş perspektivlərini təhlil edirik. SOCAR ilə münasibətlərimiz çox yüksək səviyyədədir. Bununla əlaqədar ölkə xaricində əhəmiyyətli imkanlar yaranacağı halda, çox güman ki, etibarlı tərəfdaşlar kimi birgə investisiya qoyuluşu həyata keçirəcəyik. Daxili layihələrə gəlincə, hazırda bir sıra sövdələşmələr qiymətləndirmə mərhələsindədir.
Qısamüddətli perspektivdə əsas vəzifəmiz Azərbaycandakı mövcudluğumuzu genişləndirmək və ölkə iqtisadiyyatına investisiya qoyuluşunu artırmaqdır. Sövdələşmələrlə bağlı irəliləyiş var və onların uğurlu olacağına ümid edirik", - mənbə bildirib.
Mənbə qeyd edib ki, XRG Azərbaycan İqtisadiyyat Nazirliyindən "Cənub Qaz Dəhlizi" QSC-dəki 12,5 %-lik payın alınması prosedurunun 2026-cı ilin sentyabrına qədər başa çatdırılacağına ümid edir.

















