Gündəm

ABŞ-ın dövlət borcu ÜDM-in 100%-ni ötərək 80 ilin maksimumuna çatıb

ABŞ-da federal dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 2026-cı maliyyə ilinin yekununda 100%-i ötərək 1946-cı ildən bəri ən yüksək səviyyəyə çatıb.

ENA.az xəbər verir ki, sentyabrın 30-na olan vəziyyətə əsasən, ABŞ hökumətinin ictimaiyyət qarşısında olan borcu 32,2 trilyon dollar təşkil edib.

Oktyabrın 29-da açıqlanan üçüncü rübün iqtisadi artım göstəriciləri nəzərə alındıqdan sonra borcun ÜDM-ə nisbəti 100,03%-ə yüksəlib. Beləliklə, bu göstərici 80 ildən sonra ilk dəfə 100%-lik həddi keçib.

Müqayisə üçün bildirək ki, 2025-ci maliyyə ilinin sonunda borcun ÜDM-ə nisbəti 99,4% olub. Hazırkı göstərici Konqresin Büdcə Ofisinin (CBO) fevral ayında açıqladığı 100,6%-lik proqnozdan isə aşağıdır.

ABŞ-da dövlət borcunun ÜDM-ə nisbəti İkinci Dünya müharibəsinin maliyyələşdirilməsi üçün həyata keçirilən genişmiqyaslı borclanmalar nəticəsində 1946-cı ildə 106%-ə yüksələrək tarixi rekord müəyyən edib. Son göstərici ölkənin borc yükünün həmin həddə yaxınlaşdığını göstərir.

Qeyd edək ki, ABŞ-ın dövlət borcunun ÜDM-ə nisbətinin 100%-i keçməsi ölkənin iqtisadi istehsalının həcminə bərabər olan borc yükü formalaşdığını göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)