Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
TələbəPlus kart istifadəçiləri üçün yeni bonus imkanı təqdim olunub.
ENA.az xəbər verir ki, artıq tələbələr BakıKart üzrə gediş haqqını TələbəPlus kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki TələbəPlus kartı, həm də QR ödənişləri zamanı keçərlidir.
Beləliklə, ilin sonunadək tələbələr BakıKart üzrə nəqliyyat ödənişlərinə xərclədikləri məbləğin 10%-ni bonus şəklində gündəlik say limiti olmadan geri qazana biləcəklər. Bilik Günü münasibətilə təqdim olunan yeni bonus imkanı tələbələrin gündəlik nəqliyyat xərclərinin müəyyən hissəsini geri qazanmasına şərait yaratmaqla yanaşı, TələbəPlus kartının gündəlik istifadəsi üzrə üstünlükləri də genişləndirir.
Qeyd edək ki, təhsil işçiləri üçün Təhsilin İnkişafı Fondu tərəfindən istifadəyə verilən TəhsilPlus kartı ilə ictimai nəqliyyatdan istifadə zamanı da güzəştlər təqdim olunur. TəhsilPlus istifadəçiləri “City Card” və BakıKart üzrə QR ödənişlərində 10% endirimdən yararlana bilirlər.
TələbəPlus kartı Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” tərəfindən tələbələr üçün həyata keçirilən birgə layihədir. Kart tələbələrə nəqliyyatdan istifadə ilə yanaşı, müxtəlif xidmət və məhsullardan yararlanarkən bonus və endirim imkanları təqdim edir.


















