Nəqliyyat

Elektrikli skuterlər təhlükəlidirmi? Alimlər qəza halında beyin zədələnməsi riskinin motosikletdən dörd dəfə yüksək olduğunu aşkar ediblər

“Scientific Reports” elmi jurnalında hansının daha təhlükəli olduğunu qiymətləndirdikləri məqalə dərc edilib: elektrikli skuter, velosiped və ya motosiklet sürmək?! Müəlliflər bu üç kateqoriyadan hansında insanların daha ağır xəsarət alacağını müəyyən ediblər. Alimlərin hansı nəticələrə gəldiyini təqdim edirik.

Elektrik skuterdə qəza zamanı baş-beyin travması riski daha yüksəkdir

Tədqiqat üçün İngiltərə və Uelsdə 2020–2022-ci illərdə ağır xəsarət alan 15 mindən çox insanın məlumatlarından istifadə olunub. Onların arasında təxminən 600 nəfər elektrik skuteri istifadəçisi, 7 min nəfər motosikletçi, 7 600 nəfər velosipedçi olub. Bu qrupda ümumilikdə 15 nəfər həyatını itirib. Lakin tədqiqatçıların əsas diqqəti ölüm hallarından çox, xəsarətlərin xarakterinə yönəlib.  Məlum olub ki, qəza keçirib tibbi yardıma ehtiyacı yaranan yetkin elektrik skuteri istifadəçilərində baş-beyin travması motosikletçilərlə müqayisədə 3,5 dəfə daha çox qeydə alınıb.

Araşdırma bunun səbəblərindən birinin elektrik skuterinin konstruksiyası ola biləcəyini ehtimal edir. Skuterdə istifadəçinin ağırlıq mərkəzi nisbətən yuxarıda yerləşir. Bu səbəbdən qəfil əyləcləmə zamanı insanın bədənini irəli ataraq başı üzərinə yıxılması daha asan olur. Üstəlik, skuterlərin kiçik təkərləri yol səthindəki kiçik maneələrə qarşı daha həssasdır. Bordür, tramvay relsi və digər alçaq maneələr qəfil dayanmağa və sürücünün müvazinətini itirməsinə səbəb ola bilər.

Çanaq və daxili orqanlar da daha çox zədələnir

Araşdırmanın nəticələrinə görə, xəsarət alan elektrik skuteri istifadəçilərində çanaq zədələri motosikletçilərlə müqayisədə 1,7 dəfə, daxili orqanların zədələnməsi isə 1,5 dəfə daha çox qeydə alınıb. Motosiklet və velosiped qəzalarında isə onurğa, döş qəfəsi, qarın və qolların zədələnməsi, həmçinin sınıqlar daha çox müşahidə olunub.

Skuterlə qəza keçirən uşaqların payı daha yüksəkdir

Tədqiqatın diqqətçəkən nəticələrindən biri də azyaşlılarla bağlıdır. Xəsarət alan elektrik skuteri istifadəçiləri arasında yetkinlik yaşına çatmayanların payı 16% təşkil edib. Velosipedçilərdə isə bu göstərici 9% olub. Başqa sözlə, ağır xəsarət səbəbilə tibbi yardıma ehtiyacı yaranan skuteri istifadəçiləri arasında uşaqların payı velosipedçilərdən demək olar ki, iki dəfə çoxdur.  Tədqiqatçılar həmçinin böyüklərin azyaşlılarla müqayisədə qəza vəziyyətinə daha az düşdüyünü müəyyən ediblər.

Qadınlarda qəza ehtimalı daha yüksək olub

Araşdırmada maraqlı başqa bir nəticə də əldə edilib.Elektrik skuteri istifadəçiləri arasında kişilərin sayı daha çox olsa da, qadınların faiz nisbətində toqquşmaya düşmə ehtimalı daha yüksək olub. Üstəlik, qadınlarda xəsarətlərin daha ağır olduğu müşahidə edilib.Alimlər mümkün səbəblərdən biri kimi skuterin idarə edilməsinin fiziki güc tələb etməsini göstərirlər. Kişilərin orta hesabla daha güclü qollara malik olması skuteri idarə etməyi onlar üçün nisbətən asanlaşdıra bilər.

Əsas problem – dəbilqədən istifadə kifayət qədər yayılmayıb

Tədqiqatın müəlliflərinin diqqət çəkdiyi əsas məsələlərdən biri də qoruyucu vasitələrdir. Xəsarət alan elektrik skuteri istifadəçilərinin dəbilqədən velosipedçilər və motosikletçilər qədər istifadə etmədiyi müəyyənləşib. Tədqiqatçılar hesab edirlər ki, bu amil ağır baş-beyin travmalarının qarşısının alınmasında mühüm rol oynaya bilər. Bu səbəbdən alimlər elektrik skuterlərlə bağlı qaydaların sərtləşdirilməsini, o cümlədən dəbilqə taxılmasının məcburi edilməsini, sürət limitlərinin daha ciddi tətbiq olunmasını, elektrik skuterlər üçün ayrıca hərəkət zolaqlarının yaradılmasını təklif edirlər.

Həkimlər uşaqlar üçün daha ciddi qorunma tələb edir

Məqalədə ABŞ-da çalışan həkimlərin müşahidələrinə də yer verilir. Uşaq cərrahları elektrik skuter və elektrik velosipedlərindən istifadə zamanı uşaqlarda əvvəllər daha çox avtomobil qəzaları ilə əlaqələndirilən ağır travmaların görüldüyünü bildirirlər. Buraya mürəkkəb sınıqlar, beyin silkələnməsi və hətta amputasiya halları daxildir. Həkimlərin fikrincə, uşaqların elektrik skuterlərdən istifadə etməsi zamanı yalnız adi velosiped dəbilqəsi deyil, üz də daxil olmaqla başı tam qoruyan motosiklet tipli dəbilqə və digər qoruyucu avadanlıqlardan istifadə edilməsi nəzərdən keçirilməlidir.

Bəs elektrik skuteri velosiped və motosikletdən daha təhlükəlidir?

Araşdırmanın nəticəsinə görə, qəza baş verdikdə elektrik skuteri istifadəçilərində bəzi ağır xəsarətlərin, xüsusilə baş-beyin travmalarının riski daha yüksək ola bilər. Bu fərq vacibdir. Yəni söhbət skuterlərin mütləq şəkildə daha çox qəza törətməsindən yox, qəza baş verdiyi zaman onun nəticələrinin daha ağır ola bilməsindən gedir.

Rəqəmlər də riskin böyüdüyünü göstərir

Paytaxt Bakı ərazisində cari ilin 5 ayı ərzində motosiklet və mopedlərin iştirakı ilə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 6 fakt, qəza nəticəsində ölənlərin sayı 5 nəfər, xəsarət alanların sayı isə 1 nəfər olub. Bu rəqəmlər bir şeyi göstərir: problem artıq yalnız fərdi səviyyədə baş verən təsadüfi qəzalardan ibarət deyil. Şəhər mobilliyinin yeni modelinin yaratdığı sistemli təhlükəsizlik problemi formalaşır.

Həll yolu qadağadır?

Dünyanın müxtəlif şəhərlərində cavab fərqli olub. Bəzi şəhərlər elektrik skuterinin səkidə istifadəsini məhdudlaşdırıb, bəziləri sürət limitlərini aşağı salıb, yaş məhdudiyyətləri tətbiq edib, digərləri isə ümumiyyətlə kirayə skuter xidmətlərini qadağan edib. Parisdə kirayə elektrik skuterlərinin istifadəsi 2023-cü ildə keçirilmiş referendumdan sonra dayandırılıb. Lakin tam qadağa da problemin ideal həlli deyil.Çünki elektrik skuterləri şəhər mobilliyinə real alternativ təqdim edir. Onlar qısa məsafələrdə avtomobildən istifadənin azalmasına, tıxacların və bəzi hallarda nəqliyyat xərclərinin aşağı düşməsinə kömək edə bilər. Ona görə də daha rasional yanaşma “skuterə qarşı olmaq” yox, “təhlükəli skuter istifadəsinə qarşı olmaqdır”. Bu məsələ Azərbaycanın şəhərləri, xüsusilə Bakı üçün də aktualdır.

Bakıda piyada səkiləri, avtomobil yolları və yeni mikromobillik vasitələrinin hərəkət etdiyi ərazilər arasında sərhədlərin hər yerdə aydın olmaması əlavə risk yaradır.Əgər elektrik skuterlərinin sayı artırsa, şəhər infrastrukturu da buna uyğun dəyişməlidir:

  • ayrıca və təhlükəsiz mikromobillik zolaqları;
  • piyada və skuter hərəkətinin aydın ayrılması;
  • sürət limitlərinin məkan üzrə fərqləndirilməsi;
  • parklanma qaydalarının sərtləşdirilməsi;
  • yaş və istifadə qaydalarına nəzarət;
  • dəbilqədən istifadənin təşviqi;
  • kirayə platformalarında istifadəçinin identifikasiyası;
  • qəza və xəsarət statistikasının ayrıca aparılması.

Elektrik skuterləri şəhərlərin gələcəyinin bir hissəsi ola bilər. Amma bunun üçün şəhərlər əvvəlcə bir suala cavab verməlidir: Biz skuterləri şəhərə gətirmişik, amma şəhəri skuterlər üçün hazırlamışıqmı? – Cavab “xeyr”dir.  

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)