Bank

Edqar Abdullayev: "Fintex şirkətləri bankların rəqibi deyil"

Azərbaycandakı fintex şirkətləri bankların rəqibi deyil, onların innovasiya tərəfdaşlarıdır.  "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" mövzusunda keçirilən tədbirdə "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev deyib ki, hazırda bu sahədə əsas prioritet yalnız rəqəmsallaşmaq deyil.  

Onun sözlərinə görə, bu gün Azərbaycan artıq təkcə beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə deyil, həm də maliyyə texnologiyaları, rəqəmsal ödənişlər və innovativ maliyyə həlləri sahəsində regionun inkişaf gündəmini formalaşdıran əsas oyunçulardan birinə çevrilir: "Son illərdə Azərbaycan Mərkəzi Bankının rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar, açıq bankçılıq təşəbbüsləri, Ani Ödəniş Sistemi, AzQR infrastrukturu, "sandbox" kimi tanınan xüsusi tənzimləmə rejimi, eləcə də digər rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi istiqamətində atılan addımlar ölkədə innovasiyaların inkişafı üçün mühüm zəmin yaradıb".

E.Abdullayev vurğulayıb ki, hazırda bu sahədə əsas prioritet yalnız rəqəmsallaşmaq deyil: "Məqsədimiz banklar, fintex təşkilatları, tənzimləyici qurumlar və bütün ekosistem iştirakçıları arasında güclü əməkdaşlıq mühiti formalaşdırmaq, innovasiyaları təhlükəsizlik və etibarlılıq prinsipləri ilə uzlaşdırmaq, vətəndaşlar üçün daha əlçatan, daha sürətli və daha dayanıqlı maliyyə xidmətləri təqdim etməkdir. Fintex şirkətləri bankların rəqibi deyil, onların innovasiya tərəfdaşlarıdır. Güclü bank sektoru olmadan güclü fintex ekosistemi formalaşa bilməz. Eyni zamanda, innovativ fintexlər olmadan bank sektorunun rəqabət qabiliyyətinin uzunmüddətli qorunması da çətinləşir. Azərbaycanın uğuru məhz bu tərəfdaşlığın daha da güclənməsindən keçir".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)