Səyahətdəyəm

Tirana ilə Bakı arasında birbaşa aviareys açıla bilər

"Albaniya və Azərbaycan arasında güclü və inkişaf edən əlaqələr mövcuddur. Bu münasibətlərin əsasını son illərdə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi təşkil edir. Xəzər regionundan başlayaraq Albaniya üzərindən İtaliyaya uzanan bu layihə təkcə Albaniya üçün deyil, həm də Şərqi, Mərkəzi və Cənubi Avropa üçün strateji əhəmiyyət daşıyır".

ENA.az xəbər verir ki, bu barədə Albaniyanın maliyyə nazirinin müavini Endrit Yzeiraj İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində deyib.

O qeyd edib ki, Albaniya və Azərbaycan arasında əlaqələrin inkişafı üçün turizm, enerji, nəqliyyat və mədəniyyət sahələrində geniş əməkdaşlıq potensialı mövcuddur:

"Bununla yanaşı, biz əlaqələrimizi daha da genişləndirməyə çalışırıq. Hazırda əsas hədəflərimizdən biri Tirana ilə Bakı arasında birbaşa aviareysin açılmasıdır. Son illərdə Tirana və ümumilikdə Albaniya sürətlə inkişaf edən turizm istiqamətinə çevrilib. Biz Azərbaycanla və onun xalqı ilə münasibətlərimizi daha da gücləndirmək, turizm sahəsində təcrübə mübadiləsini artırmaq istəyirik. Yeni turizm marşrutlarının yaradılması və turist axınının böyüməsi yönündə paylaşa biləcəyimiz zəngin təcrübə mövcuddur.

Azərbaycan, xüsusilə Bakı beynəlxalq tədbirlərin keçirildiyi mühüm konfrans və biznes mərkəzinə çevrilib. Albaniya da Aralıq dənizi hövzəsində sürətlə inkişaf edən turizm məkanıdır. Bu baxımdan iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar var"

Nazir müavini qeyd edib ki, iki ölkəni birləşdirən digər mühüm amil ortaq tarixi və mədəni irsdir:

"Həm sosializm dövrü, həm də Osmanlı irsi ilə bağlı müəyyən ortaq təcrübələrimiz və mədəni yaxınlıqlarımız var. Bu ortaq irs gələcək əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yaradır.

Enerji sahəsində də əməkdaşlığımız davam edir. Son illərdə Albaniyanın ən soyuq və dağlıq bölgələrindən biri olan Korça şəhərinin qazlaşdırılması ilə bağlı layihə üzərində işləyirik. Korça bu istiqamətdə pilot şəhər kimi nəzərdə tutulur və təbii qazın Azərbaycandan tədarük olunması planlaşdırılır. Layihə ilə bağlı müzakirələr davam edir. Bu, çox böyük və mühüm təşəbbüsdür, ona görə də həllini gözləyən çoxsaylı texniki məsələlər mövcuddur. Bununla belə, həm Albaniyanın Baş naziri, həm də Azərbaycanın Prezidenti səviyyəsində bu layihə ilə bağlı yüksək səviyyəli dialoq aparılıb".

Nazir müavini sonda qeyd edib ki, biz münasibətlərimizin yalnız görünən hissəsini kəşf etmişik və bu əlaqələri daha da dərinləşdirmək niyyətindəyik. Ən vacibi isə odur ki, ölkələrimiz sülhə və qarşılıqlı əməkdaşlığa əsaslanan dünya nizamı ilə bağlı ortaq baxışı bölüşür. İnanıram ki, məhz bu fundamental yanaşma gələcəkdə quracağımız bütün əməkdaşlığın əsasını təşkil edəcək".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)