Nazir müavini: Azərbaycan Orta Dəhlizi gücləndirmək üçün böyük infrastruktur layihələrini sürətləndirir
Azərbaycan Orta Dəhlizi və ümumilikdə nəqliyyat ekosisteminin dayanıqlığını gücləndirəcək böyük infrastruktur layihələrini sürətləndirir.
ENA.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan “Dayanıqlı nəqliyyat və ticarət üçün Orta Dəhlizin maliyyələşdirilməsi” adlı sessiyada bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə Vaşinqton Bəyannaməsi ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanaraq mühüm mərhələ olub, Zəngəzur dəhlizinin yaradılması istiqamətində vacib addım kimi qiymətləndirilmiş və onun regional nəqliyyat şəbəkələrinin ayrılmaz tərkib hissəsi kimi möhkəmlənməsinə xidmət edib:
"Bu istiqamətdə layihənin illik ötürmə qabiliyyəti 15 milyon ton həcmində nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Bakı Limanının ikinci mərhələ genişləndirilməsi layihəsini həyata keçirir. Bununla limanın yükdaşıma qabiliyyəti illik 25 milyon ton və 500 min TEU səviyyəsinə çatdırılır. Bundan əlavə, Ələt Azad İqtisadi Zonasında ixtisaslaşmış aviasiya klasteri yaradılır, milli dəmir yolu şəbəkələri tam elektrikləşdirilərək modernləşdirilir, yeni yüksəkötürücülü avtomobil və dəmir yolu xətləri inşa edilir".
Nazir müavini vurğulayıb ki, bu infrastruktur təşəbbüsləri Orta Dəhliz boyunca beynəlxalq və institusional marağın artmasına səbəb olub: "Bu baxımdan İslam İnkişaf Bankı Qrupu və digər çoxtərəfli inkişaf institutlarının dayanıqlı əlaqəliliyin və regional inteqrasiyanın dəstəklənməsində rolunu yüksək qiymətləndiririk. Onların təcrübəsi, maliyyələşdirmə alətləri və özəl kapitalın səfərbər edilməsi qabiliyyəti strateji nəqliyyat layihələrinin maliyyələşdirilə bilən və kommersiya baxımından dayanıqlı investisiyalara çevrilməsi üçün mühüm əhəmiyyət daşıyacaqdır. Əminəm ki, bugünkü müzakirələr praktik həllərin müəyyən edilməsinə, tərəfdaşlıqların gücləndirilməsinə və daha əlaqəli və firavan region vizyonunun irəlilədilməsinə töhfə verəcək".


















