Bank

“Unibank” 50 min ədəd istiqraz satışa çıxaracaq

"Unibank" ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 5 milyon ABŞ dolları həcmində istiqraz yerləşdirməyə hazırlaşır.

ENA.az qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 50 min ədəd adlı, faizli, sənədsiz və təminatsız istiqrazı əhatə edir.

İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 72 ay müddətində tədavüldə olacaq. Qiymətli kağızlar üzrə illik gəlirlilik 8 % təşkil edəcək, faiz ödənişləri isə rüblük qaydada həyata keçiriləcək.

Emissiyanın anderrayteri "Unicapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları əldə etmək istəyən investorlar BFB-nin üzvü olan digər investisiya şirkətləri vasitəsilə də müraciət edə bilərlər.

Prospektə əsasən, emitentin istiqrazları tədavül müddəti ərzində geri alması nəzərdə tutulmur.

Qeyd edək ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildə yaradılmış "Promtexbank"ın birləşməsi nəticəsində formalaşıb.

Bankın nizamnamə kapitalı 149,386 milyon manatdır. Səhmlərin 94,08 %-i Müşahidə Şurasının sədri Eldar Qəribova, 5,92 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)