AMB rəsmisi: “Ani ödənişlərdə NFC həllərinin tətbiqi gündəmdə saxlanılır”
Azərbaycan Mərkəzi Bankı (AMB) ani ödənişlərdə NFC həllərinin tətbiqini gündəmdə saxlayır.
ENA.az xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inklüzivliyi departamentinin direktor müavini Ramil Mahmudov bildirib.
Onun sözlərinə görə, “Apple Pay” və “Google Pay” kimi beynəlxalq NFC əsaslı ödəniş həlllərinin geniş yayılmasından sonra QR ödənişləri və P2P (şəxsdən şəxsə) köçürmələr istifadəçilər üçün daha çox vaxt itkisi kimi qiymətləndirilməyə başlayıb: “Beynəlxalq təcrübədə ani ödəniş sistemlərinə NFC texnologiyası, bulud infrastrukturu və tokenizasiya həllləri üzərindən inteqrasiya olunan müxtəlif modellər mövcuddur. Lakin bu texnologiyaların qlobal miqyasda tam yayılmamasının əsas səbəblərindən biri smartfon istehsalçıları tərəfindən tətbiq edilən texniki və ekosistem məhdudiyyətləridir”.
AMB rəsmisi qeyd edib ki, təmsil etdiyi qurumun əsas hədəflərindən biri ödənişlərin maksimum rahat, sürətli şəkildə həyata keçirilməsidir: “Məqsəd, istifadəçilərin bu gün “Apple Pay” vasitəsilə həyata keçirdiyi ödəniş təcrübəsini ani ödənişlər sistemi üzərindən də eyni sadəliklə reallaşdırmaqdır. AMB daxilində bu istiqamətdə xüsusi UX/UI komandası fəaliyyət göstərir. İnfrastruktur mərhələsi tamamlandıqdan və bazarda müəyyən penetrasiya səviyyəsinə nail olunduqdan sonra tokenizasiya həllərinin, eləcə də Bankdaxili Ödəniş Sistemi və ani ödənişlər üzərindən NFC texnologiyasının tətbiqi nəzərdən keçirilir”.


















