MALİYYƏ

“Kifayət qədər çox qeyri-müəyyənliklər var” – Mərkəzi Bank ehtiyatlı gözlənti rejiminə keçir

Azərbaycan Mərkəzi Bankının faiz dəhlizini dəyişməz saxlaması ilk baxışda sabitlik mesajı kimi oxunsa da, sədrin açıqlamaları qərarın arxasında daha mürəkkəb və ehtiyatlı yanaşmanın dayandığını göstərir. ENA.az bununla bağlı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımova ünvanladığı suala və cavaba uyğun olaraq aşağıdakı dəyərləndirməni təqdim edir.

Belə ki, hazırda açıqlanan rəqəmə görə inflyasiya hədəf daxilində qalsa da (illik 5,6%-red), proqnozların yuxarı istiqamətdə yenilənməsi diqqət çəkir. Bununla belə, tənzimləyici açıq şəkildə bildirir ki, bu, hələlik uçot dərəcəsinin artırılması üçün siqnal deyil.

Bu yanaşma əslində klassik “gözlə və qiymətləndir” strategiyasını xatırladır. Mərkəzi Bank risklərin artdığını qəbul edir, lakin bu risklərin davamlı və struktur xarakter alıb-almadığına əmin olmadan sərt pul siyasətinə keçmək istəmir. Yəni burada tələsməmək qərarın əsas fəlsəfəsidir.

“Proqnozların yuxarı doğru revizə edilməsi uçot dərəcəsinin artırılmasına işarə deyil. Bunun üçün kifayət qədər tezdir, kifayət qədər çox qeyri-müəyyənliklər var. Yaxın Şərqdə olan münaqişəni və ümumilikdə maliyyə sektorundakı prosesləri təhlil edirik, nəzarət edirik. Hal-hazırda birmənalı işarə vermək tezdir”, - deyə Taleh Kazımov bildirib. 

Xarici qeyri-müəyyənliklər daxili qərarları diktə edir

Sədrin vurğuladığı əsas məqam qeyri-müəyyənliklərin çoxluğudur. Bu qeyri-müəyyənliklər isə əsasən xarici mənşəlidir. Xüsusilə Yaxın Şərqdə artan geosiyasi gərginliklər artıq yalnız siyasi deyil, iqtisadi risklər də yaradır. Təchizat zəncirlərində mümkün pozuntular, nəqliyyat və sığorta xərclərinin artması, enerji bazarlarında volatilliyin yüksəlməsi – bütün bunlar idxal inflyasiyası kanalı ilə Azərbaycan iqtisadiyyatına ötürülə bilər.

Belə bir şəraitdə Mərkəzi Bank üçün əsas sual budur: bu şoklar müvəqqətidir, yoxsa uzunmüddətli trendin başlanğıcı? Çünki məhz bu sualın cavabı faiz siyasətinin istiqamətini müəyyən edəcək.

Proqnozların yuxarı reviziyası: siqnal yoxsa sığorta?

İnflyasiya proqnozlarının artırılması ilk baxışda monetar sərtləşmə ehtimalını gücləndirə bilər. Amma sədrin açıqlaması bu gözləntiləri balanslaşdırır. Burada daha çox “sığorta xarakterli” yanaşma hiss olunur. Yəni Mərkəzi Bank mümkün riskləri əvvəlcədən qiymətləndirərək proqnozlarını yeniləyir, lakin real siyasət alətlərini dəyişmək üçün hələ kifayət qədər əsas görmür.

Bu isə onu göstərir ki, tənzimləyici hazırda daha çox məlumat toplamaq və vəziyyətin inkişaf trayektoriyasını izləmək mərhələsindədir. Başqa sözlə, qərar deyil, müşahidə dövrüdür.

Pul siyasətində pauza

Faizlərin artırılmaması iqtisadi aktivlik baxımından müsbət siqnaldır. Kreditləşmə üçün şərtlər dəyişmir və biznes mühiti əlavə maliyyə təzyiqi ilə üzləşmir. Lakin bu pauzanın riski də var: əgər xarici inflyasiya təzyiqləri gözləniləndən daha sürətlə güclənərsə, gecikmiş reaksiya daha sərt addımlar tələb edə bilər.

Digər tərəfdən, hazırkı makroiqtisadi göstəricilər – xüsusilə valyuta bazarında təklifin üstünlüyü, dollarlaşmanın azalması və xarici balansın müsbət qalması – Mərkəzi Banka bu gözləmə mövqeyini qorumaq üçün müəyyən “təhlükəsizlik yastığı” verir.

Sədrin “birmənalı işarə vermək tezdir” açıqlaması əslində bazara ünvanlanmış vacib mesajdır: istiqamət müəyyənləşir, lakin qərar hələ verilməyib. Bu isə o deməkdir ki, növbəti aylarda həm qlobal proseslər, həm də daxili inflyasiya dinamikası pul siyasətinin tonunu müəyyən edəcək əsas faktorlar olacaq.

Hazırkı mərhələdə Mərkəzi Bankın əsas strategiyası aydındır -  riskləri qəbul etmək, amma tələsməmək. Bu isə qeyri-müəyyənliyin yüksək olduğu dövrlər üçün ən rasional, eyni zamanda ən çətin seçimlərdən biridir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)