Bank

Azərbaycanda kredit kartlarının sayı 137 min ədəd azaldı. Əhalinin təkrar borclanması yüksək olaraq qalır

Azərbaycanda kredit kartlarının sayı azalıb. Azərbaycan Mərkəzi Bankının Baş direktoru Şahin Mahmudzadənin sözlərinin görə, son bir ildə kredit kartlarının sayı 6% və ya 137 min vahid azalıb. Həmçinin 5 qat limitinin tətbiqi istehlak kredit kartlarının istifadə olunmamış hissəsində də kiçilmə baş verib. 

Mərkəzi Bank tərəfindən izafi borclanmanın qarşısının alınması məqsədi ilə aparılmış requlyativ təkmilləşdirmə (borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılması) nəticəsində kredit kartlarının istifadə olumuş hissəsi sabit qalsa da, istifadə olunmamış hissəsi 11% azalıb.

Azalma manatla ifadədə 220 mln. manat təşkil edib.

“5 qat limiti” nədir?

Bu, Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq olunan bir məhdudiyyətdir. Qaydaya görə, sənin kredit kartının maksimum limiti aylıq xalis (vergidən sonrakı) gəlirinin 5 mislindən çox ola bilməz.

Sadə nümunə:

Aylıq maaşın: 1000 manat

Maksimum kredit kartı limiti: 1000 × 5 = 5000 manat

Yəni bank sənə 10 min manat limit verə bilməz — bu, artıq qaydanı pozur.

Ş.Mahmudzadə bildirib ki, kredit kartlarının sayında və mövcud kredit kartlarının istifadə olunmamış hissəsində azalma gələcəkdə əhalinin izafi borclanmasının qarşısını alaraq məsuliyyətli və sağlam borclanmanı şərtləndirəcəkdir.

Son məlumatlar isə göstərir ki, istehlak portfelində BGN>45% portfelin payı yüksək olaraq qalmaqdadır. Qiymətləndirmələrə əsasən istehlak portfelinin 38% hisəssi BGN>45% statusundadır. 2025-ci ilin sonuna olan məlumatlara əsasən BGN<45% portfel 5.8 mlrd. manat, BGN>45% portfel isə 3.5 mlrd. manat təşkil edir. BGN yüklənməsinin artım tempinə nəzər yetirdikdə isə son dövrlərdə azalma müşahidə olunur.

BGN əmsalı nədir? (Borcalanın Gəlirə Nisbəti)

BGN — borc yükünün gəlirə nisbətini göstərən göstəricidir. Yəni, sənin aylıq kredit ödənişlərin aylıq gəlirə nisbətidir.

Nümunə:

Aylıq gəlir: 1000 manat

Kredit ödənişləri: 400 manat

BGN = 400 / 1000 = 40%

BGN<45% və BGN>45% nə deməkdir?

BGN < 45% → sağlam, idarəolunan borc

BGN > 45% → riskli borclanma (gəlirin yarısına yaxını kreditə gedir)

Niyə 45% kritik hədddir?

Çünki 45%-dən yuxarı olduqda insanın digər xərcləri (yaşayış, kommunal, qida və s.) üçün kifayət qədər vəsait qalmaya bilər. Kreditin geri qaytarılmaması riski artır.  

Beləliklə, Mərkəzi Bank deyir ki, bu göstəricilər ciddi nəzarətdədir və son dövrlərdə yaxşı dinamika izlənilir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)