Mərkəzi Bank: Azərbaycan maliyyə sektoru bank əsaslı olaraq qalır
Azərbaycanda maliyyə sektoru bank əsaslı strukturunu qoruyub saxlayır.
ENA.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov mətbuat konfransında deyib.
O bildirib ki, 2025-ci il üzrə sektorun strukturunda bankların payı 94,2% təşkil edir. Digər seqmentlər üzrə isə sığorta sektorunun payı 3,5%, bank olmayan kredit təşkilatlarının (BOKT) payı 2,1%, investisiya şirkətlərinin payı isə 0,2% səviyyəsində olub.
AMB rəsmisi bildirib ki, maliyyə sektorunun aktivləri son illərdə artmaqda davam edir. Belə ki, sektorun aktivləri 2017-ci ildə 27,9 mlrd. manat olduğu halda, 2025-ci ildə 57,1 mlrd. manata yüksəlib.
Qeyd olunub ki, təkcə son bir il ərzində maliyyə sektorunun aktivləri 7,7% və ya 4,4 mlrd. manat artıb. Bu artımın əsas hissəsi bank sektorunun payına düşüb – 4,1 mlrd. manat. BOKT-ların aktiv artımı isə 0,3 mlrd. manat təşkil edib.


















