Proqram həlləri

Anthropic və ChatGPT arasında rəqabət artır

ABŞ mərkəzli süni intellekt şirkəti Anthropic özünün “Claude” adlı çat-botuna yeni yaddaş funksiyası əlavə edib. Şirkətin açıqlamasına görə, indiyədək yalnız ödənişli abunəçilər üçün əlçatan olan bu xüsusiyyət artıq pulsuz istifadəçilər üçün də aktivləşdirilib.

Yeni funksiya sayəsində Claude istifadəçilərlə əvvəlki söhbətlər arasındakı konteksti xatırlaya biləcək. Bu isə istifadə təcrübəsini daha fərdi və davamlı edir. Qeyd edək ki, rəqib platforma ChatGPT artıq pulsuz planda yaddaş funksiyasını təqdim edirdi.

Şirkət eyni zamanda yeni istifadəçilər üçün başqa süni intellekt çat-botlarında, o cümlədən ChatGPT-də olan köhnə yazışmaların sadə “kopyala-yapışdır” üsulu ilə Claude-a köçürülməsini də asanlaşdırıb. Bu addım istifadəçilərin platformaya keçidini sürətləndirməyi hədəfləyir.

Anthropic son günlər “misli görünməmiş tələbat” yarandığını açıqlayıb və yeni funksiyaların əsas məqsədinin artan marağı qorumaq olduğunu bildirib. Şirkət, texnologiyasının kütləvi nəzarət və avtonom silahların hazırlanması məqsədilə istifadəsi ilə bağlı ABŞ Müdafiə Nazirliyi ilə yaşanan fikir ayrılığından sonra istehlakçı məhsullarına marağın kəskin artdığını vurğulayıb.

Cümə günü ABŞ Prezidenti Donald Trump federal qurumlara Claude sistemlərinin istifadədən çıxarılması barədə göstəriş verib. Pentaqon isə Anthropic-i təchizat zənciri riski kimi qiymətləndirərək şirkətin fəaliyyətinə təsir göstərə biləcək addım atıb.

Şirkətin açıqlamalarına görə, mövcud çətinliklərə baxmayaraq, istifadəçi bazasının genişləndirilməsi və məhsulun daha əlçatan edilməsi əsas prioritet olaraq qalır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)