Trampın tarif planı Bitcoin-i 65 min dolların altına saldı
Kriptovalyuta bazarında növbəti kəskin dalğa qeydə alınıb. Bitcoin, ABŞ Prezidenti Donald Trump-ın qlobal gömrük tariflərini 15 faizə qaldırmaq planını açıqlamasından sonra bazar ertəsi 5 faizdən çox ucuzlaşaraq 65 min dollar həddinin altına düşüb.
Eniş Asiya fond bazarlarında erkən ticarət sessiyasında müşahidə olunan yüksəliş fonunda baş verib. Bu isə artan tarif qeyri-müəyyənliyi şəraitində kriptovalyutaların regional səhm bazarlarından ayrışdığını göstərir.
Xatırladaq ki, Bitcoin ötən ilin oktyabrında 125 min dolları keçdikdən sonra güclü satış təzyiqi ilə üzləşmişdi. Azalma yeni ilin ilk aylarında da davam edib. Dünyanın ən böyük kriptovalyutası ilin əvvəlindən bu yana 26 faiz dəyər itirib, oktyabr zirvəsi ilə müqayisədə isə geriləmə 47 faizi ötüb.
Qlobal blokçeyn texnologiya şirkəti BTSE-nin əməliyyatlar üzrə direktoru Jeff Mei bildirib ki, gömrük tariflərindəki kəskin artım investorları bazarda daha ciddi eniş gözləntisi ilə kriptoaktivləri satmağa sövq edir.
Onun sözlərinə görə, ABŞ-ın İran ətrafında hərbi qüvvə cəmləşdirməsi və mümkün regional silahlı qarşıdurma ehtimalı ilə bağlı narahatlıqlar da investor əhval-ruhiyyəsinə mənfi təsir göstərir. Bu risklərin qlobal ticarət axınlarına təsir edə biləcəyi ehtimalı bazarlarda əlavə təzyiq yaradır.
Beləliklə, artan geosiyasi və ticarət riskləri fonunda kriptovalyuta bazarında dəyişkənlik yüksək olaraq qalır.

















