Qeyri-Bank

Bitcoin üçün son proqnozlar: 2026-cı ilin sonuna bazar nə gözləyir?

Kriptovalyuta bazarında son satış dalğasından sonra investorların diqqəti yenidən Bitcoin-in orta və uzunmüddətli perspektivinə yönəlib. Xüsusilə 2026-cı ilin sonuna qədər qiymətin hansı səviyyədə formalaşacağı sualı bazarın əsas müzakirə mövzularından biridir.

10 fevral 2026-cı il tarixinə olan qiymətləndirmələrə əsasən, aparıcı beynəlxalq banklar və analitik qurumlar Bitcoin üçün fərqli, lakin müəyyən aralıqlarda toplanan proqnozlar irəli sürürlər.

JPMorgan Bitcoin üçün 170 min – 266 min dollar aralığında qiymət ssenarisi təqdim edir. Bankın analitiklərinə görə, əgər Bitcoin qızılla volatilite baxımından paritetə çata bilsə, uzunmüddətli perspektivdə 266 min dollar səviyyəsi mümkün görünür. Lakin 2026-cı ilin sonu üçün daha real gözlənti 170 min dollar olaraq qiymətləndirilir.

Standard Chartered isə əvvəlki 300 min dollarlıq optimist proqnozunu aşağı salaraq, 2026 sonu üçün Bitcoin qiymətini 150 min dollar səviyyəsində görür.

Bernstein analitikləri də oxşar mövqe sərgiləyərək, 2026-cı il üçün Bitcoin-in təxminən 150 min dollar səviyyəsində qərarlaşacağını proqnozlaşdırır.

Goldman Sachs-ın rəqəmsal aktivlər üzrə komandası Bitcoin-in 2026-cı ilin sonuna qədər 200 min dollara yaxınlaşa biləcəyini bildirir. Bankın qiymətləndirməsində institusional marağın davam etməsi əsas amillərdən biri kimi göstərilir.

Kripto kredit platforması Nexo isə daha geniş diapazon təklif edərək, Bitcoin üçün 150 min – 200 min dollar aralığında proqnoz verir.

CoinShares analitikləri 2026-cı ilin sonu üçün Bitcoin qiymətinin 120 min – 170 min dollar arasında formalaşacağını ehtimal edir və bazarda kəskin dalğalanmaların davam edəcəyini vurğulayır.

Fundstrat-ın rəhbəri Tom Lee-nin açıqlamalarına görə isə, spot Bitcoin ETF-lərinə kapital axınının davam etməsi fonunda qiymət 200 min – 250 min dollar aralığına qədər yüksələ bilər.

Analitik qiymətləndirmələrin ümumi mənzərəsinə baxdıqda, bir çox qurum 2026-cı ilin sonu üçün Bitcoin-in 120 min – 175 min dollar aralığını “tarazlıq zonası” kimi görür. Ekspertlər bildirirlər ki, bu proqnozların reallaşması əsasən ABŞ Federal Rezerv Sisteminin faiz siyasətindən, eləcə də qlobal likvidlik şəraitindən asılı olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)