Piyada səkilərində dükanlar, kafelər və qəlyanxanalar: şəhər tıxaclarının “gizli qəhrəmanları”
Piyada səkisi – küçənin insan üçün nəzərdə tutulan hissəsidir. Orada maşın yox, insan gəzməlidir. Bu, urbanistikanın dəyişməz qaydalarından biridir.
Amma Bakı reallığında piyada səkiləri çoxdan öz funksiyasını itirib. Bu gün trotuarlar mağazalar, kafelər, obyektlər, hətta qəlyanxanalarla zəbt olunub. Nəticədə şəhər sakinləri rahat piyada hərəkəti yox, pilləkənli, dar və təhlükəli “maneə zolaqları” ilə üz-üzə qalır.
Paradoks ondadır ki, bütün bunlar fonunda son vaxtlar “insansevər şəhər”, “mikromobil şəhər”, “dayanıqlı nəqliyyat” kimi anlayışlar daha tez-tez səsləndirilir. Bu anlayışlar o deməkdir ki, şəhərdə hər kəs – piyada, velosipedçi, skuter sürən, ictimai nəqliyyatdan istifadə edən şəxs – rahat və təhlükəsiz hərəkət edə bilməlidir.
Uğurlu nümunələr var, amma…
İnsaf naminə qeyd etmək lazımdır ki, Bakıda bu yanaşmanın nisbətən uğurlu tətbiq olunduğu ərazilər də mövcuddur. Dəmir yolu vağzalının ətrafı və “Malakan bağı” kimi məkanlar göstərir ki, düzgün planlama olanda şəhər nəfəs ala bilir. Ən azı, “avtobus zolaqları” kimi əlavə problemlər yaratmır.
Lakin bu nümunələr istisnadır. Ümumilikdə isə şəhərin mikromobil olması üçün əsas şərt – şəhərsalma və planlama – ciddi şəkildə pozulub. Şəhər xaotik tikildikcə, tıxaclar daha mürəkkəb xarakter alır və problemin “ipinin ucu” itir.
İpin ucu haradadır?
Cavab elə də dərin axtarış tələb etmir. Kağız üzərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi layihələrə “OK” verir. Paralel olaraq tikinti şirkətləri “qeyri-rəsmi xərclər” siyahısına baxır və düşünür: bu pulu necə kompensasiya edək?
Nəticə klassik ssenaridir:
- layihədə 12 mərtəbə, reallıqda 14,
- alt qat “obyekt”,
- ikinci mərtəbə icra qurumlarının “payı”
- piyada səkisi isə… faktiki olaraq heç kimə lazım olmur.
Doğrudur, son illər mərkəzi ərazilərdə yeni çoxmərtəbəli binaların tikintisi müəyyən qədər məhdudlaşdırılıb. Amma artıq inşa edilmiş binaların çoxu şəhərin mərkəzinə “saplanıb” və onların yaratdığı problemlər onilliklər boyu davam edəcək.
İki “gözəgörünməz” problem
Bu mənzərədə şəhər sakinlərinin gündəlik həyatını çətinləşdirən iki əsas problem var.
Problem 1. “Qırmızı xətt” oyunu
Yeni binaların layihələrində “qırmızı xətt” anlayışı mövcuddur – bu, tikintinin keçə bilməyəcəyi sərhəddir. Lakin praktikada bu qayda fərqli şəkildə “yaradıcılıqla” tətbiq olunur.
Tikinti şirkətləri qırmızı xəttin ətrafını qazaraq yaşayış binasının altına kommersiya obyektləri yerləşdirir: marketlər, kafelər, qəlyanxanalar və s. Nəticədə əvvəl geniş olan piyada səkiləri yox olur, insanlar dar, pilləkənli və təhlükəli keçidlərdə qalır. Mikromobillik isə kağız üzərində qalan ideyaya çevrilir.
Problem 2. Əlavə avtomobil trafiki
Binanın altındakı obyektlər avtomobil axınını avtomatik artırır. İşçilər, müştərilər, yükləmə-boşaltma, parklanma mübahisələri – bütün bunlar əvvəl yalnız sakinlər üçün nəzərdə tutulan ərazilərdə baş verir.
İnkişaf etmiş şəhərlərdə belə binalar nadir hallarda rast gəlinir. Alt mərtəbələr, əsasən, yaşayış üçün nəzərdə tutulur. ABŞ-da “Trump Tower” kimi nümunələr isə xüsusi seçilmiş ərazilərdə – geniş parklanması və güclü ictimai nəqliyyatı olan küçələrdə inşa edilib.
Kim qazanır, kim ödəyir?
Mövcud vəziyyət bir tərəfdən tikinti şirkətlərinin standartlardakı boşluqlardan istifadə edərək daha çox gəlir əldə etməsi kimi görünür. Digər tərəfdən isə bu “yaradıcılığı” görən və ona icazə verən məmurların məsuliyyəti məsələsini gündəmə gətirir.
Nəticədə qazanan azdır, amma hesabı şəhər sakinləri hər gün ödəyir – tıxaclarda, dar səkilərdə, itirilən vaxt və əsəblərlə.
İndi həmin qərarları verən qurumlar bir az fantaziyalarını işə salmalı, həm köhnə, həm də yeni binalarda bu problemlərin real həll yollarını tapmalıdır. Əks halda Bakı mikromobil şəhər yox, sadəcə hərəkəti getdikcə çətinləşən beton labirint olaraq qalacaq.


















