Qızıl bazarında rekord il: qlobal tələb 2025-də tarixi səviyyəyə yüksəldi. 15 İLLİK DİNAMİKA
World Gold Council-ın 2025-ci il üzrə hesabatına görə, qlobal qızıl tələbi investisiya yönümlü artımın təsiri ilə tarixi maksimuma çatıb. Xüsusilə qızıl ETF-ləri, eləcə də külçə və sikkə alışları ön plana çıxıb, mərkəzi bankların qızıl alışları isə yüksək səviyyədə qalmaqda davam edib.
World Gold Council-ın (WGC) yayımladığı “Gold Demand Trends: Q4 and Full Year 2025” hesabatında bildirilir ki, 2025-ci ildə qlobal qızıl tələbi ilk dəfə 5 min ton həddini aşaraq tarixi göstəriciyə yüksəlib.
Hesabata əsasən, ümumi qızıl tələbi, qızıl qiymətlərində müşahidə olunan güclü artım fonunda 555 milyard dollar həcmində rekord bazar dəyərinə çatıb. Bu göstərici əvvəlki illə müqayisədə 45 faiz artım deməkdir.

İnvestisiya tələbi ön plana çıxdı
Hesabata görə, 2025-ci ildə qızıl bazarında əsas hərəkətverici qüvvə investisiya tələbi olub. İl ərzində qlobal qızıl ETF-lərinin həcmi 801 ton artaraq tarixdə ikinci ən güclü illik nəticəni göstərib. Külçə və sikkə alımları isə son 12 ilin ən yüksək səviyyəsinə yüksəlib. Təhlükəsiz liman axtarışı və portfellərin şaxələndirilməsi ehtiyacı investor marağını formalaşdıran əsas amillər kimi önə çıxıb.
Mərkəzi bankların qızıl alışları 2025-ci ildə 863 ton təşkil edərək gözləntilərin yuxarı həddinə yaxın olub. Alışlar tarixi baxımdan yüksək səviyyədə və geniş coğrafiyada həyata keçirilsə də, əvvəlki dövrlə müqayisədə artım tempi müəyyən qədər zəifləyib.
Qızıl qiymətlərinin rekord hədlərə yüksəlməsi zərgərlik məmulatlarına olan tələbi təzyiq altında saxlayıb. Həcm baxımından tələb azalsa da, qlobal zərgərlik tələbi dəyər ifadəsində 18 faiz artaraq 172 milyard dollara yüksəlib və rekord qırıb.
Texnologiya sektorundan qaynaqlanan qızıl tələbi isə istehlakçı elektronikası bazarındakı dalğalanmalara baxmayaraq sabit qalıb. Hesabatda qeyd olunur ki, süni intellekt yönümlü tətbiqlərin genişlənməsi bu sahədə tələbi dəstəkləyən əsas amillərdən biridir.
Qiymətlər 53 dəfə tarixi maksimumu gördü
2025-ci il ərzində London Külçə Bazarları Assosiasiyasının (LBMA) günorta sessiyasında qızılın qiyməti 53 dəfə tarixi maksimum səviyyəni qeydə alıb. Dördüncü rübdə orta qiymət unsiya üzrə 4 135 dollar, illik orta qiymət isə 3 431 dollar səviyyəsində formalaşaraq rekord göstəriciyə çatıb.
Təklif tərəfində ümumi qızıl təklifi 1 faiz artıb. Mədən hasilatı 3 672 tonla yeni zirvəyə yüksəlib. Təkrar emal isə qiymətlərin illik 67 faiz artmasına baxmayaraq 1 404 ton səviyyəsində qalaraq məhdud artım nümayiş etdirib.
2026-cı ildə də tələbin davam edəcəyi gözlənilir
World Gold Council-ın 2026-cı ilə dair proqnozlarına əsasən, geosiyasi gərginliklər davam edərsə, qızıl ETF-lərinə güclü kapital axınının və külçə-sikkə tələbinin qorunub saxlanılması ehtimal olunur. Mərkəzi bankların qızıl alımlarının yüksək səviyyədə qalacağı gözlənilsə də, yüksək qiymət mühiti fonunda zərgərlik sektorunda tələbin zəif qalacağı proqnozlaşdırılır.


















