Bank

Bankların mobil tətbiqlərində "Dosta köçürmə" niyə dayandırılır? – AMB-dən açıqlama

Son həftələr bank müştəriləri bir sıra mobil bank tətbiqlərində “Dosta köçürmə” funksiyasının müvəqqəti deaktiv edildiyini müşahidə ediblər. İlk baxışda bu, texniki yenilənmə təsiri bağışlasa da, bank sektorundan aldığımız məlumatlar göstərir ki, proses təsadüfi deyil. Məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) bu istiqamətdə banklara xüsusi tövsiyə məktubu göndərdiyi bildirilir.

Bu xidmət niyə məhdudlaşdırıldı? Məqalədə xidmətin dayandırılması ilə bağlı ehtimal olunan mexanizmləri və AMB-nin cavabını oxucularımıza təqdim edirik.

Xidmət nə idi və niyə populyarlaşmışdı?

"Dosta köçürmə" - mobil bank tətbiqlərində istifadəçinin kontakt siyahısındakı şəxsə, adətən telefon nömrəsi və ya kart məlumatı əsasında sürətli keçid ilə pul göndərmə funksiyası idi. Xidmət:

  • komissiyasız,

  • hesab nömrəsi tələb etmədən,

  • ani icra xüsusiyyətlərinə görə istifadəçilər arasında sürətlə populyarlaşdı.

Lakin xidmətin rahatlığı prosesi eyni zamanda nəzarətsizliyə və şəffaflıqda boşluqlar da yaradıb. Belə ki, “Dosta köçürmə” əməliyyatlarında bəzi hallarda:

  • Benefisiarın şəxsiyyəti dəqiq təsdiqlənmirdi,

  • Tranzaksiya təyinatı göstərilmirdi,

  • Müştəri haqqında məlumat AML prosesində izlənə bilmirdi.

AMB son iki ildə rəqəmsal ödənişlərin identifikasiya standartlarını sərtləşdirib. Bu kontekstdə belə funksiyalar nəzarət xarakterli risk yaradırdı.

Burada həm də vergi nəzarətinin pozulması halları vardı. 

POS cihazlarından yayınmaq üçün istifadə

Banklardan gələn qeyri-rəsmi məlumata görə, “dosta köçürmə” xidmətindən bəzi sahibkarlar POS cihazlarından yayınmaq üçün istifadə ediblər.

“Dosta köçürmə”nin bir çox bankda komissiyasız olması banklararası ödəniş balansında gəlir-zərər tarazlığını pozurdu.

  • HÖP / AZİPS / digər interbank sistemlərində əməliyyat komissiya əsasında çalışır.

  • "Dosta köçürmə" bu zəncirdən yan keçirdi.

AMB üçün vacibdir ki, ödəniş sistemləri qanun çərçivəsində və dayanıqlı gəlir modelinə malik olsun. Sürətli və pulsuz köçürmə bu mexanizmi balanssızlaşdırırdı.

Həmçinin son bir ildə mobil köçürmələrin həcmi kəskin artıb. Hər gün minlərlə tranzaksiya həyata keçirilir və bunların avtomatik monitorinqi çətinləşir.

AMB son dövrdə risk əsaslı monitorinq, real-time AML alqoritmləri, limitləşmə və əməliyyat təsnifatını prioritet olaraq qeyd edir.

"Mərkəzi Bank tərəfindən səlahiyyətləri çərçivəsində davamlı nəzarət tədbirləri həyata keçirilir və bu məqsədlə bankların fəaliyyətinin qanunvericiliyə uyğun həyata keçirilməsi monitorinq edilərək, zəruri hallarda aidiyyəti nəzarət tədbirləri tətbiq edilir" - deyə AMB-dən ENA.az-ın sorğusuna cavab olaraq bildirilib. 

Gözləntilərə görə, “Dosta köçürmə” funksiyası böyük ehtimalla yenidən geri qayıdacaq, ancaq bu xidmətdə identifikasiya əsaslı rəqəmsal köçürmələrə olan tələblərə uyğun olaraq müəyyən təkmilləşdirmələr aparılacaq. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)