"Accessbank"ın əsas səhmdarı Azərbaycana $250 milyonluq 2-ci krediti ayıra bilər
Asiya İnkişaf Bankı (AİB) “Dövlət sektorunda effektivliyin artırılması və idarəedilməsi Altproqramı I” üzrə Azərbaycana $250 mln. məbləğində ikinci krediti yaxın zamanlarda ayırmağı nzərdə tutur. Bu barədə bankın Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
“Biz mayın 29-da Azərbaycan hökuməti ilə danışıqların növbəti raundunu keçirməyi planlaşdırırıq. Ümid edirik ki, razılığa gələ biləcəyik”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, 2017-ci ilin dekabrında bankın Direktorlar Şurası “Dövlət sektorunda effektivliyin artırılması və idarəedilməsi Altproqramı I” (Improving Governance and Public Sector Efficiency Program, Subprogram 1) üçün Azərbaycana $250 mln. məbləğində kreditin ayrılmasını təsdiq edib.
Proqramın əsas məqsədi dövlət sektorunda idarəçiliyin gücləndirilməsi və maliyyə sektorunun dərinləşdirilməsi, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə yardım edilməsindən ibarətdir. Proqramın reallaşdırılması vergi-büdcə planlaşdırılmasını yaxşılaşdırmağa, iqtisadiyyatı şaxələndirməyə imkan yaradacaq.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya $4 mlrd.-dan çox kredit ayırıb.


















