ABŞ-ın borcu 2-ci Dünya müharibəsindən bəri ən yüksək səviyyədə
ABŞ-da dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 2-ci Dünya müharibəsindən sonra ilk dəfə 100%-ə çatıb.
ENA.az xəbər verir ki, ABŞ İdarəetmə və Büdcə Ofisi (OMB), Maliyyə Nazirliyi və İqtisadi Təhlil Bürosunun məlumatlarına görə, ölkənin borc yükü tarixi yüksək səviyyələrdədir.
ABŞ-ın dövlət borcunun ÜDM-ə nisbəti 1945-1946-cı illərdə müharibə xərclərinin təsiri ilə 100%-i keçmişdi. Sonrakı dövrdə iqtisadi artım və fiskal intizam nəticəsində göstərici 1970-ci illərin ortalarında 25%-dən aşağı düşüb.
2008-ci il qlobal maliyyə böhranından sonra yenidən yüksələn borc nisbəti COVID-19 pandemiyası dövründə həyata keçirilən genişmiqyaslı fiskal tədbirlər fonunda sürətlə artıb. ABŞ-da artan borc və uzunmüddətli borclanma xərcləri qlobal maliyyə bazarları üçün də təzyiq amili olaraq qalır.


















