Sənaye

ABŞ Hörmüz boğazında gizli neft marşrutu yaradıb – gündə milyonlarla barel daşınır

ABŞ Hörmüz boğazı vasitəsilə neft ixracını qorumaq üçün gizli marşrut yaradıb. ABŞ-da fəaliyyət göstərən tanınmış rəqəmsal media şirkəti Axios-un yaydığı məlumata görə, Vaşinqton İranla davam edən qarşıdurma fonunda dünya bazarlarına neft tədarükünün kəskin azalmasının qarşısını almaq məqsədilə xüsusi əməliyyat həyata keçirir.

Məlumata görə, ABŞ hərbçiləri təkcə neft daşıyan tankerləri müşayiət etmir, həm də boş tankerlərin Ərəb dənizindən Hörmüz boğazı vasitəsilə Fars körfəzinə daxil olmasına, burada yüklənərək təhlükəsiz şəkildə geri qayıtmasına kömək edir. Əməliyyata ABŞ ordusunun Şimali Karolinadakı Fort Bragg bazasında fəaliyyət göstərən xüsusi qrupu rəhbərlik edir.

Axios yazır ki, son iki həftə ərzində hər gecə 15-20 tanker boğazın cənub kanalından keçərək hərəkət edib. ABŞ rəsmiləri hesab edir ki, bu addım qlobal neft bazarında təklif çatışmazlığını qismən kompensasiya edir və qiymətlərin daha kəskin yüksəlməsinin qarşısını alır.

Nəşrin məlumatına görə, əməliyyat ABŞ Mərkəzi Komandanlığının İranın radar və dəniz müşahidə sistemlərinə qarşı keçirdiyi hərbi kampaniyadan sonra mümkün olub. Vaşinqton hesab edir ki, İranın müşahidə imkanlarının zəiflədilməsi tankerlərin hərəkətini daha təhlükəsiz edib.

Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyır. Qlobal dəniz yolu ilə daşınan neftin təxminən beşdə biri bu marşrutdan keçir. Bu səbəbdən boğazda yaranan hər hansı gərginlik neft qiymətlərinə və enerji bazarlarına birbaşa təsir göstərir.

Bununla yanaşı, İran və ABŞ arasında boğaza nəzarətlə bağlı qarşılıqlı ittihamlar davam edir. Tehran Hörmüz boğazının onun nəzarətində olduğunu bəyan etdiyi halda, Vaşinqton bölgədə gəmiçiliyin təhlükəsizliyini təmin etdiyini bildirir.

Ekspertlər hesab edirlər ki, ABŞ-ın gizli marşrut strategiyası qısamüddətli dövrdə enerji bazarlarını sabitləşdirsə də, Hörmüz boğazı ətrafındakı geosiyasi risklər hələ də yüksək olaraq qalır.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)