PAŞA Bank Gürcüstan riskləri azaldır, kapitalını gücləndirir - TƏHLİL
PAŞA Bank Gürcüstanın (PASHA Bank Georgia) 2026-cı ilin II rübü üzrə açıqladığı Pillar III hesabatı "PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsinin bu ilin I yarısını 3,978 milyon lari (2,586 milyon manat) xalis mənfəətlə başa vurduğunu göstərir. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,3 dəfə çoxdur. Hesabatda xüsusilə kapital adekvatlığı, problemli kreditlərin azalması, likvidlik və risklə ölçülmüş aktivlərin dinamikası diqqət çəkir.
Problemli kreditlərin payı azalır
Hesabatın ən diqqətçəkən məqamlarından biri aktivlərin keyfiyyətindəki yaxşılaşmadır. 2025-ci ilin II rübündə bankın problemli kreditlərinin (NPL) ümumi kredit portfelində payı 8,26% olduğu halda, 2026-cı ilin II rübündə bu göstərici 5,90%-ə enib. Bu, bir il ərzində 2,36 faiz bəndi azalma deməkdir. Bu dinamika göstərir ki, bank problemli portfeli ya restrukturizasiya edib, ya da yeni verilən kreditlərin keyfiyyəti əvvəlki dövrlərlə müqayisədə daha yüksək olub.
Bununla belə, hesabatda maraqlı bir detal da var. 2026-cı ilin ilk altı ayında qeyri-işlək kredit portfelinə 8,23 milyon lari yeni kredit daxil olub. Eyni zamanda ödənişlər, restrukturizasiya və digər səbəblərlə 3,05 milyon lari portfeldən çıxıb. Nəticədə qeyri-işlək kreditlərin ümumi həcmi 19,7 milyon laridən 24,9 milyon lariyə yüksəlib. Bu isə onu göstərir ki, nisbət azalmasına baxmayaraq, məbləğ baxımından problemli kreditlər hələ də artım təzyiqi altındadır. Buna paralel olaraq kredit riski üçün ehtiyatlar artırılıb. 2026-cı ilin ilk yarısında gözlənilən kredit zərərləri (ECL) üzrə ehtiyatlar 6,57 milyon laridən 8,33 milyon lariyə yüksəlib. Artımın böyük hissəsi yeni verilmiş kreditlər və risk səviyyəsi yüksələn borcalanlarla bağlıdır. Bu yanaşma bankın gələcək mümkün itkilərə qarşı əlavə "təhlükəsizlik yastığı" formalaşdırdığını göstərir. Kapital adekvatlığı da tələblərdən xeyli yüksəkdir, 25,70% təşkil edib. Müqayisə üçün, Gürcüstan Milli Bankının bank üçün tələb etdiyi ümumi kapital adekvatlığı 23,35% səviyyəsindədir. Yəni bank tənzimləyici minimumdan yüksək kapital ehtiyatı saxlayır.
Risklə ölçülən aktivlər azalır
Diqqət çəkən digər məqam risklə ölçülən aktivlərin (RWA) azalmasıdır. 2026-cı ilin I rübündə bu göstərici 665,1 milyon lari olduğu halda, II rübdə 641,1 milyon lariyə enib. Bu, bankın daha aşağı riskli aktivlərə üstünlük verməsi və ya bəzi yüksək riskli kreditlərin balansdan çıxarılması ilə izah oluna bilər.
Kredit portfeli əsasən korporativ müştərilərdən ibarətdir
Bankın kredit portfelinin strukturu da maraqlıdır.
Hesabata əsasən:
- Korporativ kreditlər – 514,3 milyon lari
- Banklara yerləşdirilən vəsaitlər – 91,9 milyon lari
- Dövlətə olan tələblər – 34,1 milyon lari təşkil edir.
Bu struktur göstərir ki, PAŞA Bank Georgia klassik pərakəndə bankdan daha çox korporativ və biznes bankçılığı modelinə üstünlük verir.
Faiz marjasında zəifləmə var
Bankın xalis faiz marjası (Net Interest Margin) son bir ildə 3,70%-dən 3,19%-ə enib. Bu, depozit və maliyyələşmə xərclərinin artması, kredit bazarında rəqabətin güclənməsi ilə bağlı ola bilər.
Likvidlik güclənir
Likvid aktivlərin ümumi aktivlərdə payı ötən ilin II rübündə 18,86% olduğu halda, 2026-cı ilin II rübündə 23,72%-ə yüksəlib.
Bu isə bankın qısamüddətli öhdəliklərini yerinə yetirmək imkanlarının yaxşılaşdığını göstərir. PAŞA Bank Georgia-nın hesabatı göstərir ki, bank artım mərhələsindən daha çox risklərin optimallaşdırılması mərhələsinə keçib.
Ümumilikdə isə hesabat PAŞA Bank Georgia-nın kapital baxımından güclü, risklərin idarə olunmasına isə daha konservativ yanaşan bank olduğunu göstərir. Bununla yanaşı, gələcək dövrlərdə bankın əsas vəzifəsi problemli kreditlərin həcmini azaltmaqla yanaşı, faiz marjasını qoruyaraq gəlirliliyi artırmaq olacaq.


















