Sahil Babayev: "Qeyri-neft sektorunun inkişafı üçün maliyyə imkanları genişləndirilməlidir"
Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün maliyyə imkanları genişləndirilməlidir.
ENA.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı" çərçivəsində keçirilən biznes forumda deyib. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında ciddi transformasiya prosesi gedir:
"Ötən ilin yekun göstəricilərinə əsasən, ölkə iqtisadiyyatının 71 %-ni qeyri-neft sektoru təşkil edir. Neft iqtisadi inkişafın əsas drayverlərindən biri olaraq qalsa da, qeyri-neft sektoru da geniş spektr üzrə sürətlə inkişaf edir. Bu inkişafın davamlılığının təmin olunmasında maliyyə imkanlarının genişləndirilməsi mühüm rol oynayır.
Bir tərəfdən dövlət vəsaitləri hesabına həyata keçirilən layihələr, digər tərəfdən yerli investorların sərmayələri, yerli bankların təqdim etdiyi maliyyə alətləri, eləcə də beynəlxalq maliyyə institutlarının ayırdığı vəsaitlər bu inkişafın əsas drayverlərindəndir. Bu baxımdan bugünkü biznes forumunun əhəmiyyəti olduqca böyükdür. Forumda 170-dən çox biznes, dövlət və bank sektorunun nümayəndəsi iştirak edir. Tədbirdə Azərbaycanın 60-dan çox özəl şirkətinin, 20-dən çox xarici şirkətin, həmçinin bir sıra dövlət şirkətlərinin nümayəndələri təmsil olunurlar".


















