İqtisadiyyat

Azərbaycanın investisiya üstünlükləri açıqlandı

Azərbaycan konnektivlik və tranzit mərkəzi kimi rolunu artırır.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində baş tutan "Azərbaycanın İnvestisiya Görünüşü" tədbirində deyib.

Onun sözlərinə görə, Azərbaycanın investisiya mənzərəsi 3 strateji üstünlüyə əsasən formalaşır: "konnektivlik (nəqliyyat və əlaqələndirmə), "yaşıl enerji" və rəqəmsal hazırlıq. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərində mühüm qovşaq qismində çıxış edir və Şərq–Qərb konnektivliyində, xüsusilə Orta Dəhliz üzrə rolunu ardıcıl şəkildə gücləndirir. Xəzər dənizinin o tayında yerləşən Mərkəzi Asiya ölkələri üçün təbii çıxış nöqtəsi funksiyasını yerinə yetirən Azərbaycan bu mövqeyini müasir nəqliyyat, logistika və multimodal infrastruktur sahələrinə davamlı investisiyalarla möhkəmləndirir. Bu gündəliyin əsas elementlərindən biri TRIP (Beynəlxalq Sülh və Rifah üçün Səyahət Marşrutu), yəni Zəngəzur Dəhlizidir. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni gücləndirməklə yanaşı, Avropa ilə Asiya arasında regional logistika və tranzit qovşağı kimi ölkənin rolunu daha da artıracaq".

Nazir həmçinin deyib ki, Azərbaycan "yaşıl enerji" dəhlizlərini genişləndirir: "Bərpa olunan enerji gələcək investisiyalar üçün ən mühüm sahələrdən birinə çevrilib. Azərbaycan bu istiqamətdə həm beynəlxalq, həm də yerli investorları əhatə edən tərəfdaşlıq çərçivəsində mühüm regional təşəbbüsləri irəli aparır. Bu təşəbbüslərə, xüsusilə, Avropa bazarları ilə "yaşıl enerji" əlaqələrinin gücləndirilməsinə xidmət edən Qara dəniz və Xəzər "yaşıl enerji" kabeli layihələri daxildir. Daha sadə desək, istehlakçıların enerjini hansı formada istifadə etməyi seçməsindən asılı olmayaraq, Azərbaycan etibarlı enerji təchizatçısı kimi öz mövqeyini qorumağa və gücləndirməyə davam edəcək".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)