Tramp: ABŞ və İran bombalanmış nüvə obyektlərindən uranın birlikdə çıxarılması barədə razılığa gəlib
Vaşinqton və Tehran arasındakı ilkin razılaşmaya İranın bombardmana məruz qalmış nüvə obyektlərində uranın birgə çıxarılması daxildir.
Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə mətbuat nümayəndələrinin suallarını cavablandırarkən bildirib.
"Hazırkı məqamda bizim yaxın gələcəkdə buna başlayacağımız güman edilir. İndi bunu onlarla birlikdə həyata keçirəcəyimizə dair razılaşma əldə olunub", - o dəqiqləşdirib.
Trampın sözlərinə görə, Vaşinqtonla müzakirə edilən sövdələşmə çərçivəsində Tehran təkcə nüvə silahı yaratmaqdan deyil, həm də onu əldə etməkdən imtina etməyə razılıq verib.
"Onlar buna razılıq veriblər. Başqa sözlə, əgər onlar sazişi imzalayarlarsa, nüvə silahına və ya nüvə bombasına sahib olmamaq, onların hazırlanması ilə məşğul olmamaq və onları əldə etməmək öhdəliyini qəbul edəcəklər", - Ağ Ev rəhbəri iddia edib.
O əlavə edib ki, Vaşinqton və Tehran "nəzəri olaraq sazişi imzalamağa yaxındırlar".
















