Azərbaycanda ESG və yaşıl transformasiya üzrə yeni əməkdaşlıq platforması təqdim olundu
Bakıda ESG, davamlılıq və yaşıl transformasiya sahəsində fəaliyyət göstərən şirkətlərin iştirakı ilə təqdimat keçirilib. Ritz Carlton otelində baş tutan tədbir CGE Azerbaijan və Rotas Consulting şirkətlərinin birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə dövlət və özəl sektordan 50-yə yaxın nümayəndə iştirak edib.
Təqdimatda çıxış edən Türkiyənin CGE Evaluation şirkətinin rəhbər nümayəndələri Prof. Dr. Recep Bildik və B. Tülin Seçen, həmçinin Rotas Consulting rəhbərliyi ESG standartlarının artıq biznes üçün sadəcə korporativ məsuliyyət deyil, beynəlxalq bazarlarda rəqabət üstünlüyü yaradan əsas amillərdən birinə çevrildiyini bildiriblər.
Qeyd olunub ki, xüsusilə ixrac yönümlü şirkətlər və maliyyə institutları üçün davamlılıq tələbləri sürətlə artır. Bu baxımdan şirkətlər Azərbaycanda ESG, karbon hesabatlılığı və yaşıl transformasiya istiqamətində beynəlxalq təcrübəyə əsaslanan həllər təqdim etməyi planlaşdırırlar.
Tədbirdə ESG reytinqləndirməsi, davamlılıq strategiyası, karbon izi hesabatları, CBAM və CDP hesabatlılığı, təchizat zəncirinin auditləri kimi xidmətlər barədə məlumat verilib.
Rotas Consulting nümayəndələri isə bildiriblər ki, şirkət son illərdə COP və yaşıl iqtisadiyyat gündəliyi üzrə layihələrdə aktiv iştirak edir, dövlət və özəl sektor arasında əməkdaşlıq platformalarının qurulmasına dəstək göstərir.
İştirakçılar Azərbaycanın COP29-dan sonra regionda yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf istiqamətində rolunun daha da artacağını, bu kimi təşəbbüslərin isə ölkədə ESG ekosisteminin formalaşmasına mühüm töhfə verəcəyini vurğulayıblar.


















