MALİYYƏ

Dövlət xəzinədarlığı ilk dəfə 10 illik dövlət istiqrazları buraxır

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi mayın 26-da dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək. Keçirləcək hərracda ilk dəfə olaraq 10 il tədavül müddətini əhatə edəcək.

ENA.az xəbər verir ki, hərrac istiqrazların Bakı Fond Birjası vasitəsilə yerləşdirilməsi ilə baş tutacaq.

Hərraca çıxarılan emissiya 7% kupon dərəcəli, uzunmüddətli dövlət istiqrazlarıdır. Qiymətli kağızların nominal dəyəri 100 manat, ümumi həcmi isə 2 milyon ədəd (200 mln. manat) təşkil edir. İstiqrazların tədavül müddəti 3600 gün və ya 10 il təşkil edəcək.

Maliyyə Nazirliyi indiyədək maksimum 7 illik müddəti əhatə edən istiqrazlar buraxıb. Dövlət Xəzinədarlığında rəhbər dəyişikliyindən sonra Nazirlik yerli fond bazarında əvvəlki illərlə müqayisədə daha az aktivlik nümayiş etdirib. Məsələn, 2025-ci ilin ilk 8 ayında dövlət istiqrazlarının yerləşdirilməsi həyata keçirilməyib. Bu il isə istiqraz buraxılışı ilk dəfə həyata keçirilir. Əvəzində, Nazirlik ötən ildən etibarən depozitar mövqedə çıxış edərək beş iri banka depozit yerləşdirməyə başlayıb.

10 illik dövlət istiqrazları ən standart və vacib uzunmüddətli dövlət borc alətlərindən biri sayılır. Bu alətlər dünyada bençmark kimi qəbul edilir və maliyyə və fiskal siyasətin qiymətləndirilməsində əsas göstəricilərdən biri hesab olunur.

Kupon ödənişləri 2026-cı il 26 noyabrdan başlayaraq 2036-cı il 26 maya qədər hər yarımildə bir dəfə həyata keçiriləcək. Əsas məbləğin ödənişi isə 2036-cı il 26 may tarixində baş tutacaq.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin emissiyanın 20%-dən çox olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir. Sifarişlərin ümumi həcmi emissiyanın 20%-dən aşağı olduqda isə emitent həmin sifarişləri qəbul etməyə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)