Mərkəzi Bank hesabat pozuntularına görə 3 şirkəti cərimələdi
2025-ci ilin oktyabr və noyabr aylarında Azərbaycan Mərkəzi Bankının apardığı cari nəzarət tədbirləri çərçivəsində bir üç şirkət inzibati məsuliyyətə cəlb olunub.
ENA.az xəbər verir ki, qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim edilməməsi və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlama qaydalarının pozulması səbəbilə “A+CO” ASC 14 noyabr 2025-ci il tarixli məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə əsasən 2000 manat məbləğində cərimə edilib.
Eyni pozuntuya görə oktyabr ayında “DİADEM” ASC də məsuliyyətə cəlb olunub. Şirkət 30 oktyabr 2025-ci il tarixli məhkəmə qərarı ilə 2000 manat cərimə olunub.
Bundan əlavə, “Ekolizinq” MMC də analoji qayda pozuntusuna yol verdiyi üçün 31 oktyabr 2025-ci il tarixli məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq 2000 manat məbləğində cərimələnib.


















