Sığorta

Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb

Hazırda Azərbaycanda sərnişinlərin fərdi qəza sığortası ilə bağlı cəmi 200 müqavilə mövcuddur. Yəni ölkəmizdə şəhərlərarası sərnişin daşıyan nəqliyyat vasitələrinin - avtomobil, dəmir yolu və hava nəqliyyatının - icbari fərdi sığortası məcburi olsa da, bu müqavilələrin sayı 200-ü keçmir. 

İcbari Sığorta Bürosu (İSB) da hesab edir ki, bu say azdır və sərnişinlərin icbari fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlayıb. Büronun icraçı direktoru Vüsal Məsiyevin sözlərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə ərsəyə gətirilib, həm avtomobil, həm də dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərin sığortalanmasını nəzərdə tutur.

"Düşünürük ki, bu ilin sonunadək müəyyən mexanizmlər tətbiq olunacaq".

V.Məsiyev "Report"a bildirib ki, layihələr sərnişin daşıyan nəqliyyat vasitələrinin - avtomobil, dəmir yolu və hava nəqliyyatının - icbari fərdi sığortası üzrə vahid və rahat mexanizmin formalaşdırılmasını nəzərdə tutur. Onun sözlərinə görə, məqsəd inteqrasiyaları tamamlamaqla sığorta prosesini daha əlçatan və operativ etməkdir:

"İstəyirik ki, sərnişin daşıyan bütün nəqliyyat vasitələri rahat şəkildə sığortalansın və bu sahədə hər hansı problem yaranmasın".

İcraçı direktor əlavə edib ki, bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Mərkəzi Bankla birgə reyestrlərin formalaşdırılması və həmin reyestrlərlə inteqrasiyanı nəzərdə tutan layihələr həyata keçirilir.

"Hazırda Daxili İşlər Nazirliyi ilə inteqrasiyamız var. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını daxil etdikdə bütün məlumatlar avtomatik əldə olunur. Eyni yanaşmanı sərnişin daşıyan bütün nəqliyyat vasitələri üzrə də tətbiq etməyi planlaşdırırıq", - deyə o vurğulayıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)