Sosial iqtisadiyyat

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb

2025-ci ilin yanvar-sentyabr aylarında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3%, qeyri-ərzaq malları üzrə 6,8% artıb.

ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46 milyard 422,8 milyon manatlıq, o cümlədən 25 milyard 359,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21 milyard 63,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

2025-ci ilin yanvar-sentyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,4%-i ərzaq məhsullarının, 4,2%-i içkilər və tütün məmulatlarının, 13,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6%-i avtomobil benzini və dizel yanacağının, 5%-i elektrik malları və mebellərin, 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8%-ni təşkil edib.

2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9%, fərdi sahibkarlar üzrə 0,9%, bazar və yarmarkalarda isə 4,2% artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 503,8 manatlıq, o cümlədən 275,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 228,6 manatlıq qeyri-ərzaq malları alıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)