Sosial iqtisadiyyat

“Şəfqətli Türk dünyası” festivalında Azərbaycan uğurla təmsil olundu

15–18 sentyabr tarixlərində TÜRKSOY-un təşkilatçılığı ilə ilk dəfə keçirilən “Şəfqətli Türk dünyası” Beynəlxalq İncəsənət Festivalı Qazaxıstanın Aktau şəhərində baş tutdu. Festival müxtəlif ölkələrdən gələn əlilliyi olan istedadlı ifaçıları, rəssamları, rəqqasələri, aktyorları və pianistləri bir araya topladı. Tədbirin əsas məqsədi türk dünyasının zəngin mədəniyyətini nümayiş etdirməklə yanaşı, həm də inklüziv dəyərlərin təbliği və əlilliyi olan şəxslərin yaradıcılıq imkanlarının dəstəklənməsi oldu.

Azərbaycanı festivalda “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin üzvləri – görmə məhdudiyyətli ifaçı Rəvanə Ağamirova, daun sindromlu rəqqasə Pərvanə Hüseynli və xoreoqraf Günay Muradinin tələbəsi Sevil Məmmədova təmsil etdilər. Onların ifasında təqdim olunan “Sarı gəlin”, “Ay Laçın” xalq mahnıları, eləcə də “Tərəkəmə” və “Uzun dərə” xalq rəqsləri festival iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılandı.

Xüsusilə də Rəvanə Ağamirovanın canlı şəkildə ifa etdiyi “Sizə salam gətirmişəm” mahnısı tamaşaçıların gurultulu alqışlarına səbəb oldu və tədbirin ən yadda qalan anlarından birinə çevrildi.

Festivalın sonunda Azərbaycan nümayəndə heyəti yüksək qiymətləndirilərək diplom, sertifikat və medallara layiq görüldü. Nümayəndə heyətinin rəhbəri Mədinə Məhərrəmovaya isə iştirak üçün xüsusi təşəkkürnamə təqdim olundu. Bununla yanaşı, Azərbaycan nümayəndə heyəti də öz növbəsində “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin əlilliyi olan üzvlərinin hazırladığı əl işləri və rəsm əsərlərindən ibarət hədiyyələri TÜRKSOY rəhbərliyinə təqdim etdi.

Qeyd etmək lazımdır ki, festival boyunca Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı nümayəndə heyətinə xüsusi diqqət və qayğı göstərərək onların çıxışlarını yaxından izləyib və uğurlarını yüksək qiymətləndirib.

Festival zamanı TÜRKSOY rəhbərliyi vurğuladı ki, bu cür beynəlxalq tədbirlər yalnız türk dünyasının mədəniyyətinin tanıdılması baxımından deyil, həm də qlobal miqyasda inklüzivliyin təşviqi üçün mühüm platforma rolunu oynayır. Əlilliyi olan şəxslərin yaradıcılıq potensialının üzə çıxarılması və onların cəmiyyətə inteqrasiyası üçün bu tip festivalların əhəmiyyəti xüsusilə dəyərlidir.

Azərbaycan nümayəndə heyəti festival çərçivəsində müxtəlif ölkələrdən gəlmiş əlilliyi olan iştirakçılarla dostluq əlaqələri quraraq, yeni əməkdaşlıqların əsasını qoydu.

Bu festival bir daha sübut etdi ki, incəsənətin dili, musiqinin və rəqsin gücü sərhədləri aşaraq insanları birləşdirir və daha mərhəmətli, daha inklüziv bir dünyanın qurulmasına xidmət edir.

Azərbaycan nümayəndə heyəti festival çərçivəsində müxtəlif ölkələrdən gəlmiş əlilliyi olan iştirakçılarla dostluq əlaqələri quraraq, yeni əməkdaşlıqların əsasını qoydu.

Bu festival bir daha sübut etdi ki, incəsənətin dili, musiqinin və rəqsin gücü sərhədləri aşaraq insanları birləşdirir və daha mərhəmətli, daha inklüziv bir dünyanın qurulmasına xidmət edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)